“Əl-Qaidə” lideri uzun illərdən bəri ilk dəfə göründü, ABŞ-a qarşı cihada çağırdı - FOTO

OXUNUB: 670 DÜNYA

"Əl-Qaidə" terror təşkilatının lideri Ayman əs-Zəvahiri uzun illərdən bəri ilk dəfə videomüraciətlə çıxış edərək Birləşmiş Ştatların Qüdsdə səfirlik açmasına görə bu ölkəyə qarşı qlobal cihada çağırıb.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, əs-Zəvahirinin 5 dəqiqəlik videomüraciəti "Təl-Əviv də müsəlman torpağıdır" sözləri ilə başlayır.

ABŞ-ın Qüdsdəki səfirliyi bu gün açılacaq. Səfirliyin açılması ilə bağlı Qüdsdə fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

Ayman əs-Zəvahiri Fələstin administrasiyasının barışığa meylli siyasətini də pisləyib və onu "Fələstini satanların nümayəndələri" adlandırıb. "Əl-Qaidə" lideri öz tərəfdarlarını silaha sarılmağa çağırıb.

 

O bildirir ki, "Tramp müasir xaçpərəst kimi öz simasını göstərib" və onunla barışıq və güzəşt mövqeyi ilə deyil, səfərbərlik və cihad yolu ilə mübarizə aparmaq lazımdır. Əs-Zəvahiri xatırladır ki, Üsəma bin Laden ABŞ-ı "müsəlmanların birinci düşməni" adlandırmışdı. O vəd edir ki, "Məhəmməd peyğəmbərin torpaqlarını axırıncı kafir tərk edənə qədər" sakitləşməyəcək.

Əs-Zəvahiri İslam Konfransı Təşkilatına daxil olan ölkələri də pisləyib, onları şəriət əvəzinə BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinə əməl etməkdə, "müsəlmanlara qarşı xəyanət edərək" İsrailin suverenliyini tanımaqda günahlandırıb.

Xəbərlərə  görə, Qüdsdə İsrail səfirliyinin açılışında 800 nəfərin iştirakı nəzərdə tutulur. Dövlət katibinin müavini Con Sallivan və prezident Trampın qızı ilə kürəkəni də mərasimdə iştirak edəcək.

İcmal.Az

RƏYLƏR