Xətai rayonundakı 17 nömrəli tam orta məktəbin 1ç sinfinin şagirdlərinin təqdim etdikləri bayram proqramı böyük maraqla qarşılanıb
Əlifba bütün elmlərin açarı və insanları bilik xəzinəsinə aparan yolun başlanğıcıdır. Bu baxımdan Əlifba bayramının keçirilməsi böyük rəmzi məna daşıyır.
Bakının Xətai rayonundakı 17 nömrəli tam orta məktəbin rus bölməsinin 1 ç sinfinin şagirdləri də Əlifba bayramını böyük sevinclə qeyd ediblər.
Birincilər bir ildə öyrəndiklərinin hesabatını verməyə çalışıblar.
Sagirdlər müxtəlif nağıllardan məharətlə canlandırdıqları səhnəciklərlə bütün hərfləri tanıdıqlarını və sərbəst oxuduqlarını inamla nümayiş etdiriblər. Məşhur nağıl qəhrəmanlarının obrazlarını yaradan uşaqlar bu bayrama dörd ay hazırlaşıblar. Əsas yük isə birincilərin sinif rəhbəri Lalə Hacıyevanın üzərinə düşmüşdür.
Bayram tədbirinin konsert proqramından ibarət hissəsində birincilər bir-birindən gözəl milli və əcnəbi rəqs nümunələri, maraqlı səhnəciklər ilə şənliyin qonaqlarının zövqünü oxşayıb, onlara xoş əhval-ruhiyyə bəxş ediblər.
Hər səhnəciyə uyğun geyimlərin hazırlanması, uşaqların Vətəni, ananı, ailəni, müəllimi vəsf edən şeirləri xüsusi intonasiya ilə söyləməsi valideynlərin və müəllimlərin böyük marağına səbəb olub.
Sonda məktəbin direktoru Nazilə Əliyeva birinciləri Əlifba bayramı münasibətilə təbrik edərək onlara gələcək təhsil illərində uğurlar diləmiş, həmişə belə fəal və bilikli olmalarını arzulayıb.
Məktəbin rəhbərliyi tərəfindən birincilərə təqdim edilən diplom və hədiyyələr uşaqlara ikiqat sevinc bəxş edib.