Ellər uzadacaq şair ömrünü... (Xalq şairi Səməd Vurğunun Şəmkirdəki 120 illik yubileyinə həsr olunmuş tədbirindən təəssüratlar)

OXUNUB: 2 Özəl SOSİAL

 

Bu günlərdə—iyun ayının 9-da Şəmkirdə yaddaqalan bir gün yaşadıq...

Söhbət Şəmkir Rayon Kimya-Biologiya Təmayüllü Liseydə, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirdən gedir...

...1997-ci il mart ayının 11-də Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr olunmuş yubiley gecəsində, xalqımızın Ümummilli lideri Heydər Əliyev özünün yubiley nitqində deyirdi: "Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: Əziz şairimiz! Sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik...”. Bu kəlamlar səslənən vaxtdan 30 il keçir... və Ulu öndərin kəlamları öz təsdiqini tapmaqda davam edir...

Bu il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə böyük şairimizin 120 illik yubileyi ölkəmizin hər yerində qeyd edilir. Əslində Vurğunsevərlər, ümumiyyətlə poeziyasevərlər üçün bu il "Vurğun ili”dir...

Hələ sağlığında istər Azərbaycan ədəbi və ictimai mühitində öz müasirləri arasında, istərsə də o zamanın Sovet İttifaqına daxil olan respublikaların xalqlarının ən görkəmli sənətkarları arasında böyük şöhrət qazanmış, vətəni Azərbaycanı sonsuz məhəbbətlə sevən, bu qədər yüksək nüfuza malik ikinci bir şəxs göstərmək çətindir.

O, öz varlığı, istedadı, zəkası, dünyagörüşü, vətənsevərliyi, intellektual səviyyəsi, ünsiyyətcilliyi, səxavəti, cəsarəti və mərdliyi ilə hamıdan seçilirdi və bu keyfiyyətləri ilə mənsub olduğu Azərbaycan xalqına şöhrət, hörmət, nüfuz gətirirdi. Səviyyəsindən asılı olmayaraq, Səməd Vurğun iştirak edən istər rəsmi, istərsə də ziyafət məclislərində aparıcı, söz sahibi, tədbirin təşkilatçısı rolunda çıxış edirdi.

Səməd Vurğun istər Azərbaycan ədəbiyyatında, istər ictimai həyatında, istərsə də xalq arasında əfsanələşmiş nadir şəxsiyyətlərdən biridir.

Onun fiziki yoxluğundan 70 il keçir. Lakin xalq hələ də onun həyatından, yaradıcılığından, elmi və ictimai fəaliyyətindən xatirələr, əfsanələr danışılır.

Ötən bu illər ərzində Səməd Vurğuna olan ümumxalq məhəbbət azalmır, bu məhəbbət yeni nəsillərə ötürülür və O, xalqımızın, vurğunsevərlərin qəlbində yaşamaqdadır...

...Biz—Liseydə keçirilən yubiley tədbirinin iştirakçıları, Xalq şairinə olan böyük məhəbbətin bir daha şahidi olduq.

 

Tədbirə bir-neçə gün bundan əvvəl Liseyin direktoru Səməndər Həsənovdan dəvət almışdıq...

Məktəbin girişi qapısından, həyət-bacasından, sinif otaqlarına, Akt salonunadək hər yerdə bir səliqə-səhman, nizam-intizam hökm sürür, xoş bir ab-hava adamı öz ağuşuna alırdı.

Düşünürəm ki, təhsildə, təlim-tərbiyədə əldə etdiyi uğurlara görə respublikamızın təhsil ocaqları arasında öncül yerlərindən birini tutan bu təhsil müəssisəsinin kimya biologiya təmayüllü lisey olmasına baxmayaraq, ədəbiyyat və poeziyaya, o cümlədən Səməd Vurğun yaradıcılığına marağın yüksək səviyyədə olması təqdirəlayiq və örnək hal kimi qiymətləndirilməlidir...

Həmin gün liseyə böyük şairimiz Səməd Vurğunun ruhu hakim kəsilmişdi.

Təbii ki, tədbirin ən mötəbər iştirakçıları, həmin tədbiri ərsəyə gətirən liseyin pedaqoji kollektivi və şagirdləri idi.

Bununla belə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin və onun müavini Aynur Abdullayevanın, Şəmkir Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərovun, Bakıdan, Gəncədən, Qazaxdan, Kəlbəcərdən və ətraf rayonlardan gələn tanınmış elm, ədəbiyyat, poeziya və sənət adamlarının iştirakı tədbirə xüsusi bir sanbal verirdi və qeyd etməyi zəruri hesab edirəm ki, Rayon İcra Hakimiyyətinin və təhsil sektorunun rəhbərliyinin tədbirə bu yanaşması, dövlət başçısının yerlərdə apardığı siyasətə və böyük şairin xatirəsinə münasibətin təzahürü idi.

Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları, qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etməklə başlanan tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Rəşad Tağıyevin böyük şairin həyatı, yaradıcılığı və fəaliyyəti barədə yığcam, əhatəli və mükəmməl çıxışı tədbir iştirakçılarının marağına və alqışına səbəb oldu. Çıxış edən qonaqların - filologiya elmləri doktoru, professor Rustam Kamalın, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ramiz Göyüşovun, Rafail İncəyurd-İsmayılovun, Mustafa Rasimoğlunun, ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlünün, Azərbaycan Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Qalib Rəhimlinin, Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicranın, Əməkdar Mədəniyyət İşçisi, şair Məzahir Hüseynzadənin çıxışlarında səslənən fikirləri böyük şairin şəxsiyyətinin, yaradıcılığının, elmi və ictimai fəaliyyətinin, Azərbaycan sevgisinin, ədəbiyyatımız qarşısında xidmətlərinin, ictimai fikir tarixində yerinin indiki və gələcək nəsillərə çatdırmağa yönəlmişdi və yubiley iştirakçıları, xüsusilə gənclər tərəfindən rəğbətlə qarşılandı.

 

Tədbirin ən maraqlı hissəsi liseyin şagirdləri tərəfindən hazırlanmış səhnələrlə, şairin məşhur şeirlərinin səsləndirilməsi ilə bağlı idi. Şagirdlər tərəfindən şairin "Vaqif” dramından səhnə, "Ananın öyüdü”, "Şair nə tez qocaldın sən” şeirləri əsasında hazırlanmış kompozisiyalar, səslənən məşhur şeirləri, səmimi, maraqlı idi və şagirdlərin Xalq şairinin irsinə sevginin nümayişi və onların istedadının təzahürü idi.

Tədbirdə sazla söz qoşa addımlayırdı. Göyçə-Kəlbəcər aşıq mühitinin tanınmış nümayəndələri Mirəli Mehdiyev və Yolçu Salmanlı öz maraqlı ifaları ilə tədbir iştirakçılarına xoş bir ovqat bəxş etdilər. Tədbirin aparıcısı, liseyin müəllimi Məhəmməd İsmayıloğlu öz maraqlı təqdimatları ilə tədbirə xüsusi bir ovqat bəxş edirdi.

Təvəzökarlıqdan uzaq da olsa qeyd edirəm ki, tədbirdə, mənim tərəfimdən yazılmış, Böyük şairin 120 illik yubileyinə həsr edilmiş və yubileyi ərəfəsində işıq üzü görmüş "Ellər yaşadacaq şair ömrünü” kitabımın həmin tədbirdə Liseyin direktoru Səməndər müəllimə hədiyyə etməyimdən bir qürur hissi keçirdim.

Bütünlüklə arxasında gərgin zəhmətin məhsulu olan tədbir Xalq şairi Səməd Vurğuna olan sevgidən yaranmışdı və şairə olan el məhəbbətinin təzahürü idi. Bu möhtəşəm tədbirə görə liseyin direktoru Səməndər Həsənova, müəllim və şagird kollektivinə bir vurğunsevər kimi bir daha təşəkkürümü bildirirəm. Şairin məşhur şeirindən bir bənd yada düşür:

                          

                           Ellər uzadacaq şair ömrünü,

                           Min il yaşasam da ölməyəcəyəm.

 

                                                                                                   Ramiz Göyüşov

                                                                                                       AYB üzvü

 

 



 



RƏYLƏR