Emoməli Rəhmon: Azərbaycanla mövqelərimiz üst-üstə düşür

OXUNUB: 1365 SİYASƏT

Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparılıb. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir.

İcmal.Az xəbər verir ki, bunu avqustun 10-da Azərbaycanla sənədlərin imzalanması mərasimindən sonra Tacikistan prezidenti Emoməli Rəhmon mətbuata bəyanatında səsləndirib.

"Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması məsələləri və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığımızın istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində oldu”, - deyən prezidentin sözlərinə görə, bu cəhətdən ticari-iqtisadi əməkdaşlıq üzrə iki ölkənin dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmi kimi birgə hökumətlərarası komissiyanın mühüm rolu qeyd olunub:

 "Biz o fikirdə həmrəy olduq ki, komissiya çərçivəsində əldə olunmuş razılaşmaların dəqiq yerinə yetirilməsi və imzalanan dövlətlərarası sənədlərin reallaşdırılması bizim ticari-iqtisadi münasibətlərimizin gələcək inkişafının amilidir.

Biz hesab edirik ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək.

Belə fikir bildirilib ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və yaxşılaşdırmaq zəruridir.

Bu səfərin gedişində ikitərəfli əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə işləri davam etdirdik.

Danışıqların nəticələrinə görə bu gün imzaladığımız sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir”.

Tacikistan prezidenti bildirib ki, ənənəvi qarşılıqlı anlaşma mühitində keçən danışıqların gedişində BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivlərini müzakirə ediblər:

"Biz ölkələrimizin ümumi mövqedən çıxış etdiyi Əfqanıstan problemini müzakirə etdik. Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, həmçinin beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə gələcəkdə də əməkdaşlığı inkişaf etdirməyə tərəfdar olduğumuzu bildirdik.

Xüsusilə qeyd etmək istərdim ki, bütün bu məsələlər üzrə bizim mövqelərimiz üst-üstə düşür. Bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir. Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq.

Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur.

Mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrıldı. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq.

Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır.

İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək.

Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək”.

İcmal.Az

RƏYLƏR