Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99 BC 181 dövlət nömrə nişanlı, "Şevrolet Kruz” (Chevrolet Cruze) markalı avtomobilin sürücüsü Əziz Soltanpaşa oğlu Məlikov əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.
Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub. Bəlli olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.
Ə.Məlikovun hərbi xidmətdə ola-ola bu əməlləri törətməsi və video çəkərək sosial şəbəkələrdə paylaşması təəccüblə qarşılanıb. Onun tanınmış iş adamının oğlu olduğu bildirilir./Avtosfer