“Fonda bilavasitə rəhbərliyi Əli Həsənov həyata keçirirdi”

OXUNUB: 663 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə KİVDF-nin aparıcı məsləhətçisi olmuş Samir Mustafayev ifadə verib. O deyib ki, fondda rəsmi yazışmalara, hesabatlara, təbdirlərin təşkilinə və qurumun mətbuat xidməti funksiyalarını həyata keçirib:

"Fondun təşkil etdiyi tədbirlərdə siyahıların hazırlanmasında iştirak etmişəm. Siyahıda 250 nəfərə qədər olurdu, restoranda da 250 nəfərlik yer açılırdı. Lakin 450 nəfəri mən görməmişəm. Onu deyə bilərəm ki, tədbirə dəvət olunan adamdan daha çox gəlirdi. Jurnalistlər var idi, siyahıda adı olmurdu, lakin tədbirə gəlirdi. Heç kimi də geri qaytarmaq olmurdu.

 

Fonda bilavasitə rəhbərliyi Prezident Aparatının sabiq ictimai-siyasi şöbəsinin müdiri (Əli Həsənov -red.) həyata keçirirdi. Fondun Müşahidə Şurasının iclaslarında məsələlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə iclasda müzakirəyə çıxarıldı, qəbul edilirdi.

2017-ci ilə qədər fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq, 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən idim. İclaslarda deyirdim tenderi elə keçirək ki, gələcəkdə indi düşdüyüm vəziyyətə düşməyək. Düzün deyim ki, tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb”.

Proses noyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

RƏYLƏR