14 İyun – Ümumdünya Qan Donoru Günü bütün dünyada insan həyatının xilasında mühüm rol oynayan donorların fədakarlığına həsr olunan əlamətdar tarix kimi qeyd olunur.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsulov bu günün əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-a bölüşüb.
O bildirib ki, bu il Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, mərkəzin təsis olunmasının ildönümü ilə yanaşı, onun da təmənnasız və könüllü donor fəaliyyətinin 25 ili tamam olur.
"İlk dəfə donor olduğum günün həyəcanını bu gün də xatırlayıram. O zaman sadəcə ehtiyacı olan bir insana yardım etmək istəyirdim. Sonralar anladım ki, donor olmaq təkcə qan vermək deyil. Donor olmaq insan həyatına toxunmaq, ümidləri tükənən ailələrə dayaq olmaq, bir insanın yaşaması üçün ona ikinci həyat şansı verməkdir. Bu gün qürur hissi ilə deyə bilərəm ki, donor olmaq həyatımın ən dəyərli qərarlarından biridir”, - deyə Fuad Rəsulov vurğulayıb.
O qeyd edib ki, son illərdə Azərbaycanda qan donorluğu sahəsində əldə olunan uğurların əsasını dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət təşkil edir: "Azərbaycanda qan donorluğu sahəsində əldə olunan uğurların təməlində dövlətimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qan xidməti sahəsinin də inkişafına mühüm töhfələr verib. Xüsusilə talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi, dərman təminatı, qan və qan komponentləri ilə fasiləsiz təmin olunması istiqamətində görülən işlər dövlətimizin humanist siyasətinin bariz nümunəsidir. Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır”.
F. Rəsul vurğulayıb ki, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr, xüsusilə talassemiyalı uşaqlara və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara göstərilən diqqət və qayğı bu sahənin inkişafında mühüm mərhələ olub.
"Talassemiya Mərkəzinin yaradılması və inkişafı minlərlə ailəyə ümid bəxş edən böyük sosial layihələrdən biridir. Qeyd etməliyəm ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı bu sahədə uğurların davamlılığını təmin edir. Bu gün Azərbaycanda qan xidmətinin inkişafında Səhiyyə Nazirliyi Respublika Qan Bankının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Son illərdə qan və qan komponentlərinin təhlükəsiz tədarükü, müasir texnologiyaların tətbiqi, regional bölmələrin fəaliyyətinin genişləndirilməsi, donor bazasının formalaşdırılması və qan xidmətinin rəqəmsallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq Respublika Qan Bankı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Birgə təşkil olunan qanvermə aksiyaları, maarifləndirmə tədbirləri, sosial layihələr və ictimai təşəbbüslər donor mədəniyyətinin inkişafına mühüm töhfə verir. Məqsədimiz ölkəmizdə könüllü və təmənnasız qan donorluğunu təşviq etmək, insanları bu nəcib missiyaya cəlb etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Mərkəz rəhbəri donorlara göstərilən diqqət və qayğının da xüsusi əhəmiyyət daşıdığını bildirib: "Biz donorları sadəcə qan verən insanlar kimi deyil, insan həyatının xilasında iştirak edən qəhrəmanlar kimi qiymətləndiririk. Hər bir donor bizim üçün böyük dəyərə malikdir. Donorlarımızın əməyinə və fədakarlığına verilən qiymət gələcək donor nəslinin formalaşmasına xidmət edir. Bu gün minlərlə insanın həyatının xilas edilməsində pay sahibi olan donorlarımız cəmiyyətimiz üçün əsl humanizm və vətəndaşlıq nümunəsidir”.


















