Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir

OXUNUB: 0 Özəl SOSİAL
İyulun 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarlarını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan və Gürcü xalqları arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib. 

Bundan başqa, prokurorluq orqanları arasında formalaşmış əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin fevral ayında Tiflisə səfəri məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etmiş, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Giorgi Qvarakidze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, mövcud tərəfdaşlığın bundan sonra da daha da dərinləşdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi istiqamətində bütün zəruri səylərin davam etdiriləcəyini vurğulayıb.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Qonaqlara, həmçinin, prokurorluq orqanlarında həyata keçirilən müasir idarəetmə, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə, həmçinin, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Mayya Tabaqari iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.
 




 

RƏYLƏR