Hamı Orxan Məmmədovu axtarır - KOB rəhbəri haradadır?

OXUNUB: 3165 Özəl İDMAN

Təxminən 2 il bundan qabaq xəbər çıxdı ki, Orxan Məmmədov gedir İqtisadiyyat Nazirliyinə. Nazirliyin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi adlı qurum yaradılıbmış, ora. İctimai-siyasi saytlarda yayılan bu xəbər göydə ildırım effekti yaratdı. Hamı maraqlanmağa başladı ki, əcəba, bu Orxan hansı Orxandır? Baş hakimmi? Xeyr.

Bu Orxanın fotosu o Orxana oxşamırdı. Bəs kim? Günortadan sonra idman mətbuatına verilən məlumat bütün qaranlıqlara aydınlıq gətirdi.

Demə, bu Orxan Məmmədov "Zirə" klubunun fəxri prezidenti imiş. O fəxri prezident ki, elə komanda üzvlərindən başqa heç kim onu tanımırmış.

Komanda ilə cəmi bircə şəkli vardı. O da hansısa oyundan sonra paltardəyişmə otağına gələrək, futbolçularla görüşdüyü yerdə. Bax, onu kiçik və orta sahibkarlığın inkişafına cavabdeh şəxs təyin ediblər. İnsafən, yaxşı da təyinatdır. Çünki "Zirə"nin sponsorlarına baxdıqda, kluba hansısa iri holdinqin deyil, bir neçə ortabab sərmayəçinin pul ayırdığını görürük. Deməli, Orxan Məmmədov cibdən asılılığın qarşısını alıb, bir neçə şirkətin maliyyələşdirdiyi ortabab büdcəli klub formalaşdırıb. Hər halda kənardan belə görünür və ilk baxışdan, insanda bu cür təəssürat oyadır. Yaxından baxdıqda isə "Zirə"də Ayxan Abbasovdan başqa yüksək vəzifəli heç kimi görməzsən. O da baş məşqçidir, başını aşağı salıb işi ilə məşğuldur. Başını yuxarı qaldırdıqda isə özünü tribunada, cəzalı durumda görür. Hazırda klubun prezidenti Natiq İsmayılovdur. Hərdən Klublar Komitəsinin iclasında görünür. Əvvəllər icraçı direktor kimi gəlirdi, indi isə prezident qismində. Ötən il sentyabrın 14-də icraçı direktor vəzifəsinə təyin olunmuş Cahangir Məmmədovu isə "gördüm" deyən olmayıb. "Zirə"nin uğursuzluqları Orxan Məmmədovun martın 1-də məhz yeni vəzifəyə təyinatından sonra başlayıb. Klub əvvəlcə "Keşlə"yə, sonra isə "Qarabağ"a uduzub. İndi "qartallar" nəinki ilk 2 pilləyə iddia edə, hətta 3-cü pillədən də kənarda qala bilər. Vaxtilə hətta avrokuboka vəsiqəni başqasına peşkəş etmiş komanda indi medallardan məhrum olma təhlükəsi ilə üzləşib. Mövsümün ikinci yarısının ən uğurlu komandası və qış toplanışını elə "Zirə" ilə eyni oteldə keçirmiş "Sumqayıt" sağına-soluna baxmadan irəliləyir. İndi bilinmir ki, Orxan Məmmədov "Zirə"də qalır, yoxsa...? Hər halda fəxri prezident üçün seçki keçirilmir, bu vəzifənin müddəti bilinmir. Amma bir şey dəqiqdir: onun yoxluğu hiss olunur. Özü gözəgörünməz qüvvə olsa belə. Çünki bu Orxan ondan əvvəl "Neftçi"nin prezidenti vəzifəsini tərk etmiş Orxan deyil./sportnet

7NEWS.az

RƏYLƏR