Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində könüllü qanvermə aksiyası təşkilolunub.
Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədilə təşkil olunan qanvermə aksiyasında hərbi hissənin şəxsi heyəti iştirak edib.
Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-tibb heyəti tərəfindən donorların sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
AQDİM-nin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.



