Həyatımızı abadlaşdıran ABAD (FOTOLAR)

OXUNUB: 765 SOSİAL

Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı ildə imzaladığı müvafiq fərmanla əsası qoyulan ABAD (Ailə biznesinə asan dəstək) publik hüquqi şəxsin yaradılmasından artıq 1 il ötür.

 "ABAD"ın təşkilatçılığı ilə sentyabr ayının 22-də Balakən rayonuna media tur təşkil edilib. Turun ilk günündə media nümayəndələri ABAD-ın buradakı mərkəzinə baş çəkərək onun fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra qurumun direktorunun müşaviri Elvin Şirinov ABAD haqqında geniş təqdimat edərək, publik hüquqi şəxsin fəaliyyətindən söz açıb. O, son 1 ildə görülən işlərdən və qurumun gələcək planlarından danışıb:


"1 il bundan öncə ASAN Xidmətin tabeçiliyində ABAD publik hüquqi şəxs yaradılıb. Bunun yaradılmasında məqsəd Azərbaycanda ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərmək, vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında fəal iştirakını təmin etmək, həmçinin özünəməşğulluq istiqamətində həyata keçirilən proqramlara dəstək olmaqdır. İlk olaraq fəaliyyətimizə pilot layihə olaraq Masallı rayonunda başlamış, növbəti mərhələdə isə 21 oktyabr 2016-cı ildə ABAD və Dövlət Neft Şirkəti arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən SOCAR-ın sosial yönümlü siyasəti çərçivəsində Balakən ikinci mərkəz kimi seçildi. Hazırda Balakəndə 12 ailə ABAD-a qoşulub və onlara monoblok konteyner şəklində zəruri istehsal avandanlıqları təqdim olunub".

ABADın qarşıya qoyduğu məqsədlərdən söz açan E.Şirinov, həmçinin rəqabətqabiliyyətli ailə təsərrüfatlarının yaradılması üçün publik hüquqi şəxsin gördüyü işlərdən danışdı:


"Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın bazarda özünə yer tutması üçün vacib şərtlərdən biri böyük şirkətlərlə rəqabət apara bilməsidir. Düzdür, hər bir ailə ABAD-ın təklif etdiyi xidmətləri mərhələli şəkildə icra edib rəqabətqabiliyyətli ailə təsərrüfatına çevrilə bilər. Lakin onun təkbaşına, ayrı-ayrılıqda həyata keçirəcəyi xidmətlərə sərf edəcəyi məbləğ sonda məhsulun elə bir qiymətlə bazara çıxarılmasına səbəb olacaq ki, öz alıcısını tapa bilməyəcək və nəticədə təsərrüfat dağılacaq. Bunun üçün də ABAD həmin ailələrə biznes məktəbi keçir, onlara biznes-konstaltinq, marketinq, maliyyə, hüquqi yardım, satışın təşkili barədə yardım göstərir, eyni zamanda lazımi avadanlıqlarla da təmin edir".

Hazırda cem və mürəbbə, ət və süd, həmçinin sənətkarlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərən publik hüquqi şəxsin Bakı şəhərində İçəri Şəhərdə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında və Dəmiryol vağzalında sərgi-satış mərkəzinin olduğunu deyən qurum rəsmisi ölkəmizdə keçirilən voleybol üzrə Avropa çempionatı ilə əlaqədar turistlərin sıx ziyarət etdiyi Milli Gimnastika Arenasının ərazisində kiçik bir ABAD butikinin də açıldığını bildirib. O, ABAD-çılar tərəfindən hazırlanan məhsulların yarışların keçirildiyi ərəfədə turistlərə təqdim olunacağını söyləyib.


Gələcək planlardan da danışan E.Şirinov azərbaycanlı ailələrin hazırladıqları məhsulların xarici bazarlara da çıxarılacağından və bu istiqamətdə işlər aparıldığından söz açıb:

"Bu gün Avstraliyanın Darbua ailəsinin məhsulu Azərbaycana gəlib çıxırsa və hər bir azərbaycanlı da onu alırsa, nə üçün bizim Samir Əliyevin "Bal kimi” məhsulu xarici bazara çıxmasın? Məhsulların bazara çıxması üçün onun bredləşdirilməsi vacibdir. Biz bu sahədə də ailələrə dəstək göstəririk. Hazırlanan məhsullar müxtəlif laboratoriyalarda testdən keçirildikdən sonra sertifikatlaşdırılır. Bu gün ABAD-çı ailələrin hazırladıqları məhsullar heç də xarici brendlərdən geri qalmır, hətta bəzən onları üstələyir”.


Faydalı keçid:

ABAD həyatımızı necə abadlaşdırır? 

Təqdimatdan sonra media nümayəndələri Balakəndə ABAD-çı bir ailənin qonağı olub və burada onlar üçün ABAD tərəfindən yaradılan şəraitlə tanış olublar. Əvvəllər sadəcə özləri üçün və kiçik miqdarda satış üçün mürəbbə hazırladıqlarını bildirən ailə başçısı quruma üzv olduqdan sonra verilən yeni texnika sayəsində gün ərzində 100-200 kiloqramdan artıq mürəbbə bişirə bildiklərini söyləyib.

Daha sonra KİV nümayəndələri hələ test mərhələsində olan kolbasa istehsalı ilə məşğul olan ailəyə də baş çəkib və buradakı istehsalla tanış olublar. Ailələr ABAD-ın vasitəçiliyi ilə məhsullarının yerdə qalmayacağını və təsərrüfatlarını daha da genişləndirəcəklərinə inandıqlarını bildiriblər.


Qeyd edək ki, hazırda ABAD tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları "Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb. "Balməkan”, "Dənə-dənə” , "Yay səbəti” , "Bağımızın bəhrəsi”, "Budaqdan”, "Bal kimi”, "Meyvə bağı” mürəbbə brendlərini "Gənclik Mall” ticarət mərkəzində yerləşən "Bravo” supermarketindən və Xaqani 26/32 ünvanında (keçmiş "Tahir 97” mağazası) fəaliyyət göstərən "Bravo ekspress”dən əldə etmək mümkündür./Qaynarinfo.Az

ABAD-çıların əl işləri ilə bağlı çəkilən videoları buradan izləyə bilərsiniz!


 

İcmal.Az

İcmal.Az

RƏYLƏR