42 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilən Hicran Hüseynova Fransada dəbdəbəli istirahət kompleksi tikdirir.
Bu barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalist yazır ki, kompleksin yerində bundan əvvəl dəbdəbəli villa olub. Hicran Hüseynova 5 milyon avro dəyərində olan həmin villanı sökdürüb. Tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün ev daxildir.
Kompleks dəniz sahilində inşa edilir.
Hicran Hüseynova 2020-ci ilin parlament seçkilərində də deputat mandatı qazanmışdı. Bundan əvvəl isə o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib.
Hicran Hüseynova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuş Kamran Hüseynovun qızıdır.