İbrahim Rüstəmli: "Bu rəmzin ucqarlarında Vətən bütöv görünür...”

OXUNUB: 668 SOSİAL
"Aprelin 19-da prezident İlham Əliyevin ərazi bütövlüyümüz uğrunda həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman günümüzün ən aktual mövzusunu bir daha müzakirə müstəvisinə çıxardı və indiyədək müvafiq yöndə yaşananlara dövlət başçısı səviyyəsində aydınlıq gətirdi. Bu fərman ictimai-siyasi, mənəvi-psixoloji çəkisinə görə kifayət qədər geniş məzmuna və əhatəli auditoriyaya malikdir. Onu şəhid ailələrinin sevincinə səbəb olacaq qədər banal yanaşmalarla şərh etmək yolverilməzdir”.
 
Bu fikri BNEWS.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert İbrahim Rüstəmli deyib. 

O, bildirib ki, bu fərman yaddaşlarda hər şeydən əvvəl xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyat tərzini, mübarizə fəlsəfəsini, siyasi iradəsini mükəmməl şəkildə obrazlaşdıran tarixi sənəd kimi qalacaq: "Döyüşlərdə ən yaxın dostlarını itirən, ən böyük ağrısını şəhid qardaşları ilə eyni statusu bölüşməməkdə tapan həqiqi səngər adamları bunu daha yaxşı anlayır, daha yaxşı başa düşür. O oğulların mütləq əksəriyyəti öz döyüş postunu, həm də bizim həyatımızı ölümün cəngindən qurtarmaq üçün tərk etmədilər. Bu gün çoxunun heç məzarı da yoxdu. Valideynlərinin, doğmalarının gözü yolda, qulağı səsdədi. Mən xeyli belə ünvan tanıyıram...
 
Məzarsız qəhrəmanlarımız, məzarı əsir götürülən döyüş dostlarımız sağalmayan yaralarımızın, bitib-tükənmək bilməyən ağrı-acımızın, nəhayət, onlara olan borcumuzun ürəyimizdə hər gün bir az daha böyüyən, boy atan abidəsidir. Əxlaq meyarlarımız, vətəndaşlıq mövqeyimiz bu insanlara mənəvi yanaşmadan özgə yön qoymur.  O üzdən sərəncamın İlham Əliyev tərəfindən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanından çox, həm də bu ailələrin hər birinin üzvü kimi imzalandığını çəkinmədən iddia edirəm. Bu sadəcə ali səviyyədə sərgilənən təsəlli deyil, həm də yeni prezidentlik dövrünün ilk sərəncamı kimi dövlətlə, dövlət başçısı ilə şəhid qardaşlarımızın ailə ocağını yaxınlaşdıran, doğmalaşdıran ideal rəmzdir. Çünki bu rəmzin ucqarlarında Vətən bütöv görünür...”
 
İcmal.Az

RƏYLƏR