İcra başçısının vəzifə verdiyi bacanağın "üstün keyfiyyətləri" - DOSYE

OXUNUB: 5803 MARAQLI
Şirvan şəhər icra başçısı İlqar Abbasovun özünə köməkçi təyin etdiyi bacanağı Etibar Yolçiyev qalmaqallı məmurlardan imiş.

Hit.Az xəbər verir ki, İ.Abbasov paytaxtın Suraxanı rayonuna rəhbərlik etdiyi dövrdə bacanağı E.Yolçıyev onun müavini postunu tutub.

Bu müddət ərzində başçı müavininin adı müxtəlif neqativ məsələlərdə hallanıb. Belə ki, ayrı-ayrı vaxtlarda Suraxanı sakinlərinin şikayətləri dərc olunub. Həmin şikayətlərdə deyilir ki, E.Yolçiyev "haqq” verməyənlərin evlərini sökdürüb.

Məsələn, Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlunun adından mətbuatda çap olunan şikayət məktubunda deyilirdi ki, onların bağ sahəsi İ.Abbasovla E.Yolçiyev tərəfindən ələ keçirilib.


Bundan əlavə, İ.Abbasovla E.Yolçiyev, o cümlədən Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun razılığı ilə Vaqif adlı şəxs park ərazisini zəbt etmişdi.

Suraxanı sakini olan Hacı Bəkir Həsənbəyli adlı şəxs isə Etibar Yolçiyevin başına açdığı oyunlardan yazmışdı:

"İlqar Abbasovun bacanağı Etibar Yolçiyev qanuni çıxarışı olan torpaq sahəsində ev tikməyə imkan vermir. Etibar Yolçiyev tikintiyə başlamaq üçün ondan bank hesabına 2000 manat köçürməyi tələb edib”.

Ümumiyyətlə, Etibar Yolçiyevin adı bir neçə dəfə ev tikintisi, torpaq satışı zamanı qanunuz rüsumlar tələb etməkdə hallanıb. Lakin buna rəğmən, onun barəsində müvafiq ölçü götürən olmayıb.

RƏYLƏR