İlham Əliyev: Cənub Qaz Dəhlizi Avropada və Cənubi Qafqazda əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək

OXUNUB: 773 index-manşet SİYASƏT

"Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır".

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Ölkə başçısı bildirib ki, bu işdə Böyük Britaniya hökuməti həmişə bizim yanımızda olub:

"Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.

Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanır və öz maliyyə resurslarını ayırırlar. Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq.

Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək".

İcmal.Az

RƏYLƏR