"İlham Əliyevin Tiranadakı sammitdə bu qədər önə çıxması təsadüfi deyil" - MÜNASİBƏT

OXUNUB: 815 Özəl SİYASƏT
Bu sözləri 7NEWS.az  saytına açıqlamasında siyasi ekspert Fərid Şahbazlı deyib: "Mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısı yalnız Avropanın deyil, həm də qlobal siyasətin diqqət mərkəzinə çevrildi. Bu mötəbər tədbir çərçivəsində 45-dən artıq ölkənin liderləri bir araya gəldi. Lakin sammitin ən çox diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevin şəxsində Azərbaycana olan yüksək diqqət və ehtiram oldu. Azərbaycanın dövlət başçısı tədbirin ən önəmli fiqurlarından biri kimi qəbul olundu və sözün əsl mənasında Avropa liderlərinin mərkəzində dayandı.

Sammit çərçivəsində diqqət çəkən əsas məqamlardan biri illərdir Azərbaycana qarşı düşmən mövqedə dayanan Fransa Prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq onunla səmimi söhbət aparmağa çalışması idi. Bu səhnə beynəlxalq medianın da diqqətindən yayınmadı. Şübhəsiz ki, bu addımın arxasında  diplomatik nəzakətdən daha çox, Azərbaycanın regional və qlobal siyasətdə artan nüfuzunun etirafı, eləcə də Prezident Əliyevin prinsipial liderlik keyfiyyətlərinə olan hörmət dayanır. 

Fransa son illərdə Cənubi Qafqazda qərəzli yanaşmaları ilə gündəmə gəlsə də, Makronun bu addımı, Parisin yeni reallıqları qəbul etməyə başladığını və Azərbaycanla münasibətlərini yenidən qurmağa çalışdığını göstərir. Prezident İlham Əliyevin özünəinamlı və prinsipial mövqeyi, onunla dialoqu zəruri və arzuolunan edən əsas faktorlardandır.

Digər diqqətçəkən məqam isə Ermənistanın baş naziri Nikol Paşinyanın hər vəchlə İlham Əliyevlə ünsiyyət qurmaq istəməsi oldu. Görüntülərdən aydın sezilir ki, Paşinyan Prezident Əliyevə yaxınlaşmağa, onunla hər hansı formada təmas qurmağa can atır. Bu isə Azərbaycanın bölgədə sülh gündəmini irəli aparan əsas aktor olduğunu bir daha nümayiş etdirir. Paşinyanın bu davranışı həm də Ermənistan tərəfinin diplomatik cəhətdən artıq əvvəlki mövqedə olmadığını və real güc balansını qəbul etdiyini göstərir.

Prezident İlham Əliyevin Tiranadakı sammitdə bu qədər önə çıxması təsadüfi deyil. Bu, son illərdə Azərbaycanın apardığı uğurlu xarici siyasətin, regional sabitlik və əməkdaşlıq təşəbbüslərinin məntiqi nəticəsidir. Ölkəmizin enerji təhlükəsizliyindəki rolu, nəqliyyat dəhlizlərində strateji mövqeyi və diplomatik balansı qoruma bacarığı onu Avropa üçün etibarlı tərəfdaşa çevirib."

RƏYLƏR