İşıq puluna görə intihar iddiası qalmaqal yaratdı: "Azərişıq" icra nümayəndəsini təkzib edir

OXUNUB: 736 HADİSƏ
Xəbər verdiyimiz kimi, yanvarın 24-də Ağsu rayonunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub.

İcmal.Az xəbər verir ki, İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərovun ölkə.az-a verdiyi məlumata görə, Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb:

"Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib. Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər. Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”. 

Hazırda üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Maraqlıdır ki, 280 manatlıq borc necə yığılıb? İntihar hadisəsi borca görəmi baş verib? 

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

İşıq puluna görə intihar iddiası qalmaqal yaratdı:

"Bir dəfə də olsa o qadının yaşadığı mənzilin işığını kəsməmişik. Heç zaman onlar üçün problem də yaratmamışıq. İcra nümayəndəsinin dedikləri düzgün deyil. Onlar heç aylıq ödənişi də vermirdilər. Onların sosial vəziyyətlərini nəzərə alaraq işığın verilişi dayandırmamışıq. Hətta onların syağaclarını da dəyişdirib yenisini quraşdırmışdıq. Demişdik ki, imkan olduqda, sayğacın da pulunu ödəyərlər, işıq borcunu da. Qadının intiharının işığa olan borcla heç bir əlaqəsi yoxdur. 

Biz səlahiyyətli, qanunverici orqan deyilik. Sadəcə olaraq icraçıyıq. Kimin nə qədər sərfiyyatı varsa, ay ərzində bu məbləği də ödəməlidir. Bu qanundur. Lakin bəzən imkansızlıqdan borcunu ödəyə bilməyənlər olur ki, bizə üz tutur. Onları başa düşürük, möhlət veririk ki, imkanları olanda ödəsinlər. Lakin bu vəziyyətdən sui-istifadə edib bəhanə edənlər də olur. Eləsi var ki, bəhanə edir ki, imkanı yoxdur. Restoranda 100 manat xərcləyənlər gəlib bizə deyir ki, imkanları yoxdur. Beləsinə niyə möhlət verməliyik?”. 

Maraqlıdır, bu möhlət nə qədərdir: "Abunəçiyə iki ay ərzində möhlət verə bilərik ki, hissə-hissə borcu ödəsin. Rəhbərliyimiz göstəriş verib ki, abunəçilərin sosial vəziyyətinə hər zaman diqqətlə yanaşaq. Bu səbəbdən hər bir abunəçini razı yola salmışıq”.
 
 
 İcmal.Az

RƏYLƏR