Bu il may ayının 12-dən 22-dək Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərzində yarış obyektlərində qonaqlara tibbi xidmətlərin göstərilməsi üçün Bakı şəhərinin tibb müəssisələrindən 250 tibb işçisi ayrılıb.
İcmal.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, yarışlar üçün müasir avadanlıqla təchiz edilmiş 40 təcili tibbi yardım maşını ayrılıb. Təcili və təxirəsalınmaz tibbi yardım heyəti - 90 həkim və 90 feldşer) ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunub.
İdmançılar və qonaqlar üçün stasionar tibbi yardım göstərmək üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi təyin olunub.
Digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə də müvafiq tibb xidmətlərinin göstərilməsi üçün zəruri şərait yaradılıb. İdman Şəhərciyində müasir tibbi avadanlıqlarla təchiz olunmuş poliklinikada beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssisləri tərəfindən idmançılara ambulator şəraitində tibbi yardım göstəriləcək.
İcmal.Az