Jurnalistlərin peşə davranışı qaydalarına düzəlişlər edilib - YENİLƏNİB

OXUNUB: 345 SOSİAL
Jurnalistlərin peşə davranışı qaydalarına 2 düzəliş edilib.

7NEWS.Az xəbər verir ki, Jurnalistlərin VIII qurultayında sözügedən dəyişikliklər açıq səsvermə ilə qəbul edilib.
"Azərbaycan jurnalistlərinin Peşə davranışları qaydaları"nın adı "Azərbaycan Jurnalistlərinin Etik davranışları qaydaları"na dəyişdirilib. Gender bərabərliyi və ayrseçkiliyiyə yol verilməməsi prinsipinin müddəaları ümumilikdə 5-ə qaldırılıb.

10:30

"Azərbaycan Jurnalistlərinin VII qurultayından bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub".

7NEWS.Az xəbər verir ki, bunu Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib.

O deyib ki, ilkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub:

"Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb. Digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 132 qərar çıxarıb.

Qeyd edim ki, COVID-19 pandemiyası ilə əlaqədar həyatın durğunlaşması Mətbuat Şurasına daxil olan şikayətlərin sayına da təsir göstərib. Belə ki, ötən qurultaylararası dövrlə müqayisədə VII qurultaydan VIII qurultaya qədərki dövrdə şikayətlərin sayı iki dəfədən çox azalıb".

Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub:

"Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər".



10:04

Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.

7NEWS.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.

Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.

Qurultayda çıxış edən edən Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Tahir Aydınoğlu bildirib ki, Komissiya hesabat dövründə Mətbuat Şurasının maliyyə-təsərrüfat fəaliyyətini təftiş edib:

"NTK hesabat dövründə MŞ-nin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı aşağıdakıları müəyyən edib:

Şuraya vəsaitlər 2 mənbə üzrə daxil olub - Üzvlük haqqları - 31 min 18 manat; Məqsədyönlü maliyyə yardımları 62 min 740 manat.

Yoxlama zamanı təsərrüfat xərcləri və əmək haqqının ödənilməsi üzrə bütün sənədlərin qaydada olduğu müəyyən olunub. Nəğd hesablaşma zamanı ödənilən vəsaitlər üzrə çek və qaimələr alınıb. Yoxlama dövrü ərzində MŞ-nin maliyyə fəaliyyətində pozuntu olmayıb, mühasibatlıq sənədləşməni mühasibat və vergi qanunvericiliyinə uyğun aparıb, donorlara maliyyə hesabatları təqdim edilib”.

O qeyd edib ki, üzv təşkilatlar tərəfindən Mətbuat Şurasına ödənilməli olan illik üzvlik haqlarında da azalmalar müşahidə edilib:

"Üzv təşkilatların Mətbuat Şurası ilə bağlılığını göstərən əsas göstərici üzvlük haqlarıdır. Hazırda təsisçilərinin 50 faizə yaxınının üzvlük haqqını ödəmədiyi məlumdur. Doğrudur, qurultayımıza hazırlıq müddətində açıqlanmış tələblərə görə mövcud istiqamətdə müəyyən canlanma oldu. Amma bu, yetərli sayıla bilməz. Qurultay nümayəndələri olan üzv təşkilatlardan xahiş edərdim ki, bundan sonra məsələyə ciddi yanaşsınlar. Üzvlük haqqını ödəmək hər bir təsisçinin nizamnamə öhdəliyidir və hamı buna qeyd-şərtsiz əməl edilməlidir. Başqa tərəfdənsə, nəzərdə tutulan illik üzvlük haqqı – gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər, jurnallar və internet informasuya resursları üçün 99 manatdır. Düşünürəm ki, bu, elə bir böyük məbləğ deyil”.

RƏYLƏR