Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.
K.Vəliyev NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.
"Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib.
Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb.