Kim deyir ki, Qarabağda yeyinti yoxdur?

OXUNUB: 3079 İDMAN

Azərbaycan futbolunda "pul yeyintisi” ifadəsini çox eşitmisiniz yəqin ki. Bilməyənlər üçün deyək ki, məcazi mənada dövlətin, xalqın malını, pulunu mənimsəmək, oğurlamaq, israf etmək  anlamını verir bu kəlmə...

Bu və qarşıdakı məqalələrimizdə ölkə klublarının özlərinə aid olmayan pul vəsitlərini necə israf etmələri barədə söhbət açacağıq. İlk olaraq yuxarıdan aşağıya – "Qarabağ”dan başlayırıq.  Ağdam təmsilçisinin toxunulmaz klub olması barədə yaranan təsəvvürləri yalanlamaq üçün. Şəxsən öz adımızdan deyə bilərik ki, bizim üçün toxunulmaz klub yoxdur və yalnış addımları, nöqsanları olan klublar tənqidimizdən sığortalanmayıblar. Elə, Azərbaycanın ən titullu komandası olan "Qarabağ” da.

Ölkənin ən imkanlı komandası sayılan "Qarabağ” hansısa biznesmenin xaricdən gətirdiyi pullarla deyil, dövlət dəstəyi  və xalqın cibinin vəsaiti sayəsində günü-gündən böyüyən "Azərsun Holdinq”in maliyyəsi hesabına ayaqda durur. Ona görə də, xalqı və dövləti təmsil edən komandanın 1 qəpiyini də düzgün xərcləmək lazımdır, deyilmi?

Gəlin görək, "Qarabağ”da vəziyyət belədir, ya yox? 1 fakt klubdakı hazırki durumu anlatmağa kifayət edər. Söhbət komandanın ispaniyalı futbolçusu Qaspar Panaderodan gedir. 2021-ci ilin avqust ayında komandaya cəlb edilən və ilinə 240 min dollar (408 min manat) maaş alan yarımmüdafiəçi ilə bağlı məlumatlarla sizi tanış etdikdən sonra qərarı sizə buraxacağıq.

  • 1 ildən artıqdır ki, Qaspar "Qarabağ”ın üzvüdür və bu müddət ərzində cəmi 4 oyunda 243 dəqiqə meydanda olub. Bu, heç 4 tam oyun da demək deyil. (!)

 

  • İspaniyalı vingerin adı "Qarabağ-2”nin sifariş vərəqəsində də yoxdur. Belə çıxır ki, Qaspar heç əvəzedici komanda səviyyəsində də deyil. (!)

 

  • Ayına 20 min dollar (34 min manat) maaş alan Panaderonun "Qarabağ”la 2024-cü ilədək müqaviləsi var və sözləşməyə əsasən, özünə yeni komanda tapmayana qədər hələ 2 il də kluba heç bir fayda vermədiyi halda ordan maaş alacaq.

 

 İndi real düşünək, oyun praktikası olmayan futbolçuya hansı klub bu qədər maaş verər ki, o da müqaviləsini ləğv edib getsin? Yaxud da, hansı futbolçu "Qarabağ”dan bu qədər maaş aldığı halda başqa klubda daha aşağı məvacibə razılaşar? 

Bu, "Qarabağ”ın ilk belə uğursuz transferi deyil və hər dəfəsində yüzminlərlə vəsait boşa xərclənir. Onlar arasında ən yüksək məbləğ Qaspara sərf olunub və xərclər 2024-cü ilədək davam edə bilər. Müqayisə üçün deyək ki, illik 408 min manata Birinci Divizionda 2 region klubunu saxlamaq olar.     

Bütün bu faktlardan sonra kim deyə bilər ki, "Qarabağ”da "yeyinti” yoxdur?

 

İsraf, ölkə xaricinə daşınan lazımsız məsrəflər də elə "yeyinti"dir./sportlife.az

RƏYLƏR