Klublar AFFA-dan dövlətin ayırdığı 150 min manatı istəyir - Bəyanat

OXUNUB: 3006 İDMAN SOSİAL
Klublar Komitəsi dünən keçirdiyi iclasın yekununa dair bəyanat qəbul edib.

Qol.az saytına daxil olan bəyanatda deyilir ki, Klublar Komitəsi (KK) AFFA İcraiyyə Komitəsinin 7 mart 2023-cü il tarixində keçirilən iclasında "Futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi” ilə bağlı müzakirə aparıb. Müzakirənin yekununa əsasən, KK bildirir ki, mövsüm ərzində futbolçuların xarici yüksək liqaların birinə transfer olunması və ya icarəyə göndərilməsi (minimum 1 mövsüm) istiqaməti üzrə xərclənməli olan 150.000 manat vəsaitlə bağlı müvafiq meyarlar hüquqi baxımdan tam aydın deyil (məsələn futbolçunun hansı xarici ölkəyə, hansı müddətə transfer və sair.). Qeyd edilib ki, müvafiq meyarların aydınlaşdırılması ilə bağlı mövsüm ərzində KK tərəfindən dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, buna adekvat və aydın izah verilməyib. Həmin 150 min manat vəsaitin verilməməsinin klubların maddi durumuna ciddi neqativ təsir etməsini nəzərə alaraq, KK təkidlə müvafiq vəsaitin aprel ayı ərzində klubların hesabına köçürülməsi məsələsinə baxılmasını xahiş edir.

Bundan başqa, bəyanatda "Qadın futbolunun inkişafı”, "Futbol klubunun əvəzedici komandası”, "Futbol klubunun regionda filialının, akademiya və ya seksiyasının açılması və onun davamlı fəaliyyəti” istiqamətləri ilə vəsaitlərin xərclənməsi ilə bağlı klublar ciddi problemlərin olmasını AFFA İcraiyyə Komitəsinin diqqətinə çatdırıb. Məsələn, "Sabah FK” əvəzedici istiqaməti üzrə əvvəlcədən məsələnin aydın olmaması ucbatından əvəzedici komandaların yarışlarında iştirak etməmək barədə qərar qəbul etmiş və sonradan müvafiq istiqamət üzrə vəsaitin ayrılması həmin klubu idman inkişafına neqativ təsir edib. Qadın futbolu və regionda seksiyaların açılması kimi istiqamətlər də klublar üçün gözlənilməz qərar olmaqla yanaşı, futbolun ümumi inkişafı baxımından yetərli qədər əsaslandırılmış kimi görünmür.  KK təkidlə xahiş edir ki, xüsusilə son iki istiqamət (qadın futbolu və regional seksiya) üzrə vəsaitlərin ayrılmasının məqsədəuyğunluğu ilə bağlı məsələ növbəti mövsüm üçün ciddi şəkildə müzakirə predmeti olsun.

Qeyd edək ki, qeyd olunan vəsait dövlət tərəfindən hər kluba mövsüm ərzində ayrılan 3 milyon manata daxildir.

RƏYLƏR