Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb

OXUNUB: 751 SOSİAL

Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.

İcmal.Az APA-ya istinadan xəbər verir ki, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü  Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
 
Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynovun polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.
 
Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.
 
Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.
 
Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.

 

İcmal.Az

RƏYLƏR