“Ölkə başçısı fərqli qərar veribsə...” - Struktur islahatı nəyi dəyişəcək?

OXUNUB: 1686 HƏFTƏLİK İCMAL TƏHLİL

Millət vəkili Zahid Oruc Prezident Adminstrasiyasında baş verən yeni struktur dəyişikliklərini şərh edib.

"Qafqazinfo”ya açıqlama verən deputat bildirib ki, ali icra hakimiyyəti sistemində aparılan dəyişiliklər ölkəmizin Konstitusiyasının və dövrün tələbidir: "Prezident yeni mərhələyə keçid qarşısında daha çevik və monolit komandasını formalaşdırmaqla Azərbaycan dövlətinin qarşısına mühüm hədəflər qoyur. Gördüyünüz kimi, referendumda "Aparat” termininin " Administrasiya”ya çevrilməsi mühüm bir məqsədə xidmət edirdi və təsadüfi xarekter daşımırdı. Söhbət ölkədə bütün siyasi təşəbbüslərə rəhbərlik edən ikinci şəxsin çevrəsində monolit komanda formalaşdırmaq, prezidentli üsul-idarənin xarakterinə uyğun olaraq, məsuliyyəti hər zaman öz üzərində saxlamağı bacaran, lakin bütün hakimiyyət qolları arasında koordinasiya və funksionallığı təmin etməyi bacaran insanları icra orqanların gətirməkdən gedirdi. Hər zaman ideoloji işə rəhbərlik etməklə, qərar və göstərişlərin vasitəsilə çevik işləyən bir mexanizmin qurulması dövlətin arxitekturasını təyin edən başlıca xüsusiyyətlərdir. Güclü prezidentlik institutu sabit və dayanıqlı idarəçiliyin vacib şərtidir. Gördüyünüz kimi, köməkçi vəzifəsinə təyinat alan şəxslər uzun illərin idarəçilik təcrübəsinə malikdilər, tarixi sınaqlardan keçiblər, təkcə sədaqətləri ilə deyil, həmçinin peşəkarlıq məziyyətləri ilə ölkə başçısının etimadını qazanıblar.

Eyni zamanda, birinci-vitse prezidentlik institutu da çox uğurlu bir şəkildə ölkəmizin həyatına daxil olduğunu son təyinatlardan görmək mümkündür. Yəni, hər hansı paralellik və ya ikimərkəzçilik haqda müxtəlif antiiqtidar camiyəsində kultivasiya edilən fikirlərə yer olmadığı bir daha təsdiqini tapdı. 

Əksinə, Mehriban Əliyevanın çevik, prinsipial, güclü liderlik xüsusiyyətləri, humanist və istedadlı Şərq qadını obrazı hazırki idarəçiliyin xarakterini və xəlqiliyini təyin etməyə çalışanlara yeni imkanlar açdı”. 

Onun sözlərinə görə, təyinatlar kimi, vəzifəsindən azad olunma hadisəsinə də normal yanaşmaq lazımdır: "Çünki hər zaman yüksək ədaləti və müdrikliyi ilə seçilən ölkə başçısı fərqli qərar veribsə, onun alt qatında mühüm səbəblər var. Dəqiq səlahiyyətlər bölgüsünə əməl etmək və kənara çıxmamaq, hər zaman təşəbbüskarlıqla çalışmaq keyfiyyətləri, heç bir əlahiddə maraqlara yuvarlanmamaq və dövlət başçısının adını uca tutmaq bacarığı verilən qərarların özəyini təşkil edir. Biz əlbəttə,daha sərt cəzaların da şahidi olmuşuq. Bir neçə hökumət üzvünün vəzifəsindən kənarlaşdırılması və həyata keçirilən mühakimə tədbirləri dediklərmizə sübutdur. Ona görə də Administarasiya sistemində yeni tabeçilik və dəqiq prinsiplərlə işləyən struktura keçid hökumətin və digər hakimiyyət qolların fəaliyyətinə yalnız müsbət təsir göstərəcək. İndi hər kəs gələcəyi düşünməlidir. Ambisiyalı proqramlarla yeni problemləri daha sürətli həll etmək, islahatları sürətləndirmək və yeni inişaf səviyyəsinə qovuşmaq mümkün olacaq. Prezidentin təyinatları siyasi çağırışdır, cəmiyyətə yeni mesajdır”.

 
İcmal.Az

RƏYLƏR