Mahaçqala meri Musa Musayev saxlanılıb.
Bu barədə "İnterfaks” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Musayev vəzifəsindən sui-istifadədə ittiham olunduğu bildirilir.
"O, Rusiya Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə saxlanılıb. Şübhəsiz ki, sabah mer bu maddə üzrə ittiham olunacaq və həbs ediləcək”, - deyə mənbə qeyd edib.
***
19.01.2018 (16:39)
Mahaçqala şəhərinin merinə qarşı cinayət işi açılıb. Musa Musayev torpaqların ayrılması zamanı səlahiyyətlərini aşmaqda şübhəli bilinir.
Bu barədə TASS Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, müstəntiqlər hazırda Mahaçqala meri Musa Musayevlə sorğu-sual aparır.
"O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 286-cı maddəsində ("Yerli özünüidarəetmə orqanı başçısının səlahiyyətlərini aşmaqla ağır nəticələrə səbəb olan əməllər törətməsi”) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir”, - deyə İstintaq Komitəsinin mətbuat xidmətinin bəyanatında bildirilir.
İstintaq məlumatlarına görə, 2016-cı ilin baharında Mahaçqala meri burada 17.5 min kvadrat metr ərazini tutan torpaq sahəsinin respublikanın mülkiyyətində olduğunu bilə-bilə həmin sahənin 1.1 milyon rubla "ASPK” ASC-yə ayrılması ilə bağlı sərəncam imzalayıb.
Müstəntiqlər qeyd edirlər ki, ekspert rəyinə görə, əslində, həmin torpaq sahəsinin bazar qiyməti 81 milyon rubldan çoxdur. Merin bu qərarla qanunu pozduğu və respublika büdcəsinə ağır zərbə vurduğu iddia olunur. /oxu
İcmal.Az

























