Məhkəmə Akif Çovdarovla bağlı qərar verdi

OXUNUB: 479 SOSİAL

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verdikləri apellyasiya şikayətinə baxılıb.

İcmal.Az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin qərarı ilə A.Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. A.Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.

Hökmə görə, Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin üç milyon manatlıq mülki iddiası, eləcə də, cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.

Hökmə əsasən, Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

İcmal.Az

RƏYLƏR