“Milçəyi uşaq yesəydi, nə olacaqdı?” — Gənclik Mall-dakı Vapiano-da qalmaqal (VİDEO)

OXUNUB: 0 Özəl
7NEWZ.az xəbər verir ki, Bu gün Gənclik Mall-da yerləşən Vapiano restoranında xoşagəlməz hadisə baş verib. Restoranda uşağa təqdim olunan Sezar salatının içindən milçək çıxıb.

Hadisə uşağın qorxmasına və ciddi stress keçirməsinə səbəb olub. Ən narahatedici məqam isə başqa bir sualı gündəmə gətirir: uşaq milçəyi görməsə və onu yesəydi, nə baş verə bilərdi?

Təbii ki, bir milçəyin udulması avtomatik olaraq zəhərlənmə və ya ağır xəstəlik demək deyil. Lakin qidanın içindən həşərat çıxması restoranın qida təhlükəsizliyi və sanitar-gigiyenik qaydalarına əməl olunması ilə bağlı ciddi suallar yaradır.

Hadisədən sonra restoran əməkdaşları müştəriyə pulun geri qaytarılacağını bildiriblər.

Amma məsələ yalnız ödənilən məbləğin geri qaytarılması ilə bitirmi?

Əgər uşaq milçəyi udsa, səhhətində problem yaransa və tibbi müdaxiləyə ehtiyac yaransaydı, məsuliyyəti kim daşıyacaqdı?

Qida təhlükəsizliyi qaydalarına görə, ictimai iaşə obyektinin əsas vəzifələrindən biri müştəriyə təhlükəsiz və insan sağlamlığı üçün risk yaratmayan qida təqdim etməkdir. Buna görə də belə hadisənin sadəcə "pulunuzu qaytaracağıq” cavabı ilə yekunlaşdırılması kifayət qədər ciddi sual doğurur.

Belə vəziyyətdə istehlakçı hadisəni foto və video ilə sənədləşdirməli, ödəniş qəbzini saxlamalı, yeməyi və yad cismi atmayaraq mümkün sübut kimi qoruyub saxlamalı və məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməlidir.

Çünki burada söhbət təkcə bir müştərinin narazılığından getmir.

Söhbət restoranda qida təhlükəsizliyindən və ən əsası, uşaqların sağlamlığından gedir.

İctimaiyyət üçün də əsas sual açıq qalır:

Gənclik Mall-dakı Vapiano restoranında bu milçək salata necə düşüb və belə halın təkrarlanmaması üçün hansı tədbirlər görüləcək?
 
 
 

RƏYLƏR