Millət vəkili Azərbaycan Polisi Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etdi

OXUNUB: 0 Özəl SOSİAL
Bu il Azərbaycan polisi yaranmasının108-ci ildönümünü qeyd edir.  92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Polisi Günü münasibəti ilə seçki dairəsi ərazisində xidmət edən, ictimai asayişi qoruyan, qanunun keşiyində duran polislərimizin şəxsi heyətini təbrik etmək üçün 02 iyul 2026-cı il tarixində Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etdi.
Qeyd edək ki, 02 iyul tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edilməsi tarixi ilə bağlı olaraq Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli Fərmanına əsasən ənənvi olar bütün ölkə miqyasında qeyd olunur. 
Tədbirdən öncə millət vəkili ilk növbədə rayon polisinin şəxsi heyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə güllər düzərək ruhunu dərin ehtiramla yad etdi.
Sonra Göyçay və Ağdaş Heydər Əliyev Mərkəzlərində keçirilən görüşlərdə çıxışı zamanı M.Əfəndiyev ilk növbədə tədbir iştirakçılarını müstəqil dövlətimizin əsas sütunlarından olan Azərbaycan polisinin 108 yaşı münasibəti ilə təbrik edərək Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının tarixi əhəmiyyətindən söz açdı. 
Eyni zamanda istər Birinci, istərsə də İkinci Qarabağ-Vətən Müharibələrində, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman polislərimizdən bəhs edərək polis əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının şəhidlik zirvəsinə ucaldığını xüsusi vurğuladı.
"1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan polisi böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, daha sonra 35 illik müstəqillik tarixinin formalaşmasında, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb”.
Daha sonra deputat müstəqillik illərində dövlətçiliyin qorunmasında Daxili İşlər Nazirliyi əməkdaşlarının göstərdiyi fədakarlıqdan, onların hər zaman Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməsindən bəhs edərək,  keçən müddət ərzində hüquq-mühafizə orqanlarının öz fəaliyyətlərini yeni çağırışlara uyğun quraraq insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, ölkədə haqq və ədalətin bərqərar olunması sahəsində böyük əzmkarlıq göstərdiklərini, suveren Azərbaycanın hər bir şəhər və rayonlarında qətiyyətli mübarizə apardıqlarını qeyd etdi. 
Sonda rayon polis şöbələrinin rəhbərliyi və şəxsi heyət səmimi görüşə görə millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər. 

Bir daha Azərbaycan polisinin bütün şəxsi heyətini təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyət diləyirik.
 




 
 

 

RƏYLƏR