Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının yeni heyəti ilə görüş keçirilib

OXUNUB: 722 Özəl SOSİAL
2024-cü il aprelin 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin üzvləri ilə görüşüb.

Rektor TGT-nin yeni təyin olunan təşkilat üzvləri ilə yaxından tanış olub və onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Ş.Bayramov bildirib ki, TGT MDU-nun bütün dövrlərində təqdirəlayiq fəaliyyət göstərib. Universitetin əldə etdiyi nailiyyətlərdə təşkilatın hər bir üzvünün özünəməxsus əməyi olduğunu qeyd edib. Müxtəlif illərdə MDU TGT-nın ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində göstərdiyi fəallığa əsasən  "İlin Tələbə Gənclər Təşkilatı”, "İlin Tələbə Gənclər Təşkilatı Sədri” və "İlin TGT Nümayəndəsi” adına layiq görüldüyünü xatırladan rektor, bu uğurları aktiv gənclərimizə verilən dəyər kimi qiymətləndirib. Eyni zamanda təşkilat üzvlərinin komanda şəklində işləmə bacarığının olduğunu xüsusilə vurğulayıb. Ş.Bayramov yeni heyətin ədalətlilik, şəffaflıq və obyektivlik prinsipləri əsasında göstərəcəyi fəaliyyətilə MDU-nun sürətlə modernləşməsinə davamlı töhfələr verəcəyinə əminliyini ifadə edib və gənclərin hər birinə akademik göstəricilərinin yüksək olması şərti ilə daha fəal olmağı arzulayıb.

TGT-nin idarə heyəti üzvləri universitetdə tələbələrin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkür ediblər. Təşkilatın görəcəyi işlər, hədəflər və gözləntiləri haqqında rektora məlumat verərək, onlara göstərilən etimadları doğruldacaqlarını bildiriblər.

Görüşdə təşkilatın həyata keçirəcəyi yeni layihələr barədə fikir mübadiləsi aparılıb. Gəncləri diqqətlə dinləyən Ş.Bayramov onların fəaliyyət istiqamətlərini dəstəkləyib və müəyyən tövsiyyələrini verib.

Qeyd edək ki, MDU-da tələbə gənclərin universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına xüsusi diqqət yetirilir.
 









RƏYLƏR