Mingəçevir Dövlət Universiteti təhsilin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə davam edir.
2026-cı ilin 26 iyun tarixində MDU ilə "TÜV Austria Azərbaycan” MMC, "Regional Transport” MMC, Azərbaycan Korporativ İdarəetmə Assosiasiyası İctimai Birliyi (AKİAB) və "Dadashsoy Business School” arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.
MDU-nun İş dünyası və məzunlarla əlaqə şöbəsinin təşkilatçılığı ilə imzalanan memorandumlar universitetin strateji inkişaf prioritetlərinə uyğun olaraq tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, məzunların məşğulluq imkanlarının genişləndirilməsinə, əməkdaşların peşəkar inkişafının dəstəklənməsinə və iş dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
"TÜV Austria Azərbaycan” MMC ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlar, keyfiyyət təminatı və peşəkar sertifikatlaşdırma sahələrində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Tərəfdaşlıq tələbə və əməkdaşlar üçün beynəlxalq standartlara uyğun təlimlərin təşkili, sertifikat proqramlarının hazırlanması, seminar və ustad dərslərinin keçirilməsi baxımından yeni imkanlar yaradır.
"Regional Transport” MMC ilə imzalanan memorandum logistika, beynəlxalq yükdaşıma və təchizat zənciri idarəçiliyi sahələrində praktikyönümlü təhsil imkanlarının genişləndirilməsinə yönəlib. Əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat və ixtisas təcrübələrinə cəlb olunması, tanışlıq səfərlərinin təşkili, real biznes prosesləri ilə yaxından tanış olmaları və gələcək karyera imkanlarının artırılması nəzərdə tutulur.
Azərbaycan Korporativ İdarəetmə Assosiasiyası ilə əməkdaşlıq korporativ idarəetmə, liderlik, strateji planlaşdırma və biznes etikası sahələrində bilik və bacarıqların inkişafına xidmət edir. Memorandum çərçivəsində mentorluq proqramları, karyera günləri, ofis ziyarətləri, biznes nümayəndələri ilə görüşlər və peşəkar inkişaf tədbirlərinin təşkili planlaşdırılır. Eyni zamanda tələbələrin startap və innovasiya təşəbbüslərinin biznes mühiti ilə əlaqələndirilməsi nəzərdə tutulur.
"Dadashsoy Business School” ilə əməkdaşlıq isə biznes təhsili, sahibkarlıq, marketinq, maliyyə, liderlik və innovasiya istiqamətlərində yeni inkişaf imkanları yaradır. Tərəflər arasında təlimlərin, seminarların, forumların, ustad dərslərinin və birgə layihələrin təşkili, tələbə və məzunların peşəkar inkişafının dəstəklənməsi, əmək bazarına inteqrasiyasının sürətləndirilməsi nəzərdə tutulur.
İmzalanan memorandumlar MDU tələbələrinin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə, məzunların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına, universitet əməkdaşlarının peşəkar inkişafına və tərəfdaş qurumlarla bilik mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək.
Yeni tərəfdaşlıqlar MDU-nun əmək bazarı ilə əlaqəli, praktikyönümlü və müasir ali təhsil modelinin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm tərkib hissəsi olmaqla universitetin tələbə, məzun və əməkdaşları üçün yeni imkanlar açır.

























