Mingəçevir Dövlət Universiteti ilə Gürcüstan Texniki Universiteti arasında təhsil, elm, tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze imzalayıblar.
Sənədin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə akademik və elmi əməkdaşlığın genişləndirilməsi, universitetlərin mövcud təcrübə və potensialından birgə istifadə edilməsi, eləcə də uzunmüddətli və dayanıqlı tərəfdaşlıq əlaqələrinin formalaşdırılmasıdır.
Memorandum çərçivəsində professor-müəllim heyətinin, tədqiqatçıların və texniki mütəxəssislərin qısamüddətli və imkanlar daxilində uzunmüddətli mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, beynəlxalq maliyyələşmə proqramlarına birgə layihə təkliflərinin təqdim olunması və tərəflərin elmi potensialının qarşılıqlı şəkildə gücləndirilməsi nəzərdə tutulur. Tələbə mübadiləsi proqramlarının təşkili isə tərəflər arasında bağlanacaq əlavə razılaşmalar əsasında həyata keçiriləcək.
Əməkdaşlığın əsas istiqamətləri sırasında tərəflərin tədris proqramlarının təkmilləşdirilməsi, elmi seminarları, konfransları, simpoziumları və digər akademik tədbirləri barədə mütəmadi məlumat mübadiləsi xüsusi yer tutur. Bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetində müvafiq ixtisaslar üzrə tədris proqramlarının Gürcüstan Texniki Universitetinin qabaqcıl akademik təcrübəsi, müasir texnoloji yanaşmaları və əmək bazarının tələbləri nəzərə alınmaqla təhlil edilməsinə və təkmilləşdirilməsinə imkan yaradacaq.
Bu istiqamətdə tədris planlarının və fənn proqramlarının müqayisəli təhlili, müasir mühəndislik və texnologiya modullarının tədris prosesinə inteqrasiyası, praktik və laboratoriya məşğələlərinin məzmununun yenilənməsi, eləcə də mütəxəssislərin iştirakı ilə birgə seminar və ustad dərslərinin təşkili nəzərdə tutulur. Memorandumun müddəalarına əsasən, tərəflər tədris və tədqiqat proqramları, elmi nəşrlər, akademik materiallar və əməkdaşlığın inkişafına xidmət edən texnologiyalar barədə müntəzəm məlumat mübadiləsi aparacaqlar.
Əməkdaşlıq çərçivəsində tərəflərin üstün elmi-tədqiqat istiqamətlərinə uyğun birgə proqramların formalaşdırılması, müəllim və tədqiqatçıların qarşılıqlı tədris və elmi səfərlərə cəlb olunması, elmi nəticələrin nəşri, konfrans və simpoziumlarda birgə iştirak imkanlarının genişləndirilməsi də planlaşdırılır.
Birgə fəaliyyət proqramlarının maliyyə və institusional imkanlar nəzərə alınmaqla mərhələli şəkildə hazırlanması, konkret təşəbbüslərin isə əlavə icra sənədləri əsasında həyata keçirilməsi nəzərdə tutulur. Əməkdaşlığın əlaqələndirilməsi hər iki universitetin beynəlxalq əlaqələr üzrə məsul struktur bölmələri tərəfindən təmin ediləcək.




















