Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı öz işinə başlayıb

OXUNUB: 94 SOSİAL

2026-cı ilin 1 may tarixində Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev fenomeni: Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi və humanitar modelinin müəllifi” mövzusunda Respublika Elmi Konfransı öz işinə başlayıb.

Universitetin akt zalında keçirilən konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha sonra universitetin həyətində tələbələrin təqdim etdiyi rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Konfrans Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Plenar iclasda açılış nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafın əsaslarının formalaşdırılmasındakı müstəsna rolunu vurğulayıb. Qeyd olunub ki, məhz Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunmuş, mühüm enerji layihələrinin reallaşdırılması ilə ölkənin iqtisadi təhlükəsizliyi təmin edilib və davamlı inkişaf mərhələsinə qədəm qoyulub.

İlham İsmayılov həmçinin bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib və əldə olunan nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır.

Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycanın müasir inkişaf modelinin fundamental əsasını təşkil edir və bu irsin elmi müstəvidə araşdırılması xüsusi aktuallıq kəsb edir. Rektor qeyd edib ki, Ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursu bu gün də ölkənin siyasi sabitliyinin, iqtisadi tərəqqisinin və humanitar sahədə əldə olunan uğurların əsas istiqamətləndirici xəttidir.

Anar Eminov vurğulayıb ki, MDU-da həyata keçirilən elmi tədbirlər, xüsusilə belə genişmiqyaslı konfranslar, milli dövlətçilik ideyalarının təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması və elmi potensialın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, universitetdə formalaşdırılan müasir akademik mühit, beynəlxalq əməkdaşlıqlar və universitet–sənaye inteqrasiyası istiqamətində atılan addımlar elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb, burada təqdim olunan elmi məruzələrin Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə və elmi dövriyyəyə yeni yanaşmaların gətirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Açılış nitqlərindən sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Konfransın plenar iclası məruzələrin dinlənilməsi ilə davam edib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dos. Esmira Cəfərova "Heydər Əliyevin siyasi liderliyi və Azərbaycan dövlətçiliyinin transformasiyası”, İqtisadiyyat kafedrasının baş müəllimi Günəş Şəfaqətov isə "Müasir Azərbaycan iqtisadiyyatının inkişafında modernləşməyə aparan islahatlar” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans öz işinə bölmə iclasları ilə davam edəcək. Bölmə iclaslarının 1–2 may tarixlərində keçirilməsi nəzərdə tutulur. Bölmə iclaslarında 30-dan çox təhsil müəssisəsindən olan məruzəçilər tərəfindən 390-dan çox məqalə və tezisin təqdim olunması nəzərdə tutulub.

RƏYLƏR