Mingəçevirdə bayram şənliyi keçirildi

OXUNUB: 524 SOSİAL
Dekabrın 30-da, ilin son günü ərəfəsində  Mingəçevirdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram şənliyi keçirildi. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyinə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri gəlmişdilər. Əvvəlcədən qeyd edək ki, mingəçevirlilər bayram şənliyində əldə etdikləri nailiyyətlərlə iştirak edirdilər.
 
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə çıxış edərək mingəçevirliləri və şəhərimizin qonaqlarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirdi. İkinci Qarabağ Vətən müharibəsində şəhid olmuş döyüşçülərin xatirəsini yad etdi, döyüşlərdə yaralanaraq qazi olmuş vətəndaşlarımıza cansağlığı, sağlam həyat arzuladı.
 
2021-ci ilin bütövlükdə respublikamız və Mingəçevirimiz üçün uğurlu il olduğunu dilə gətirdi. Bu ildə əldə olunan nailiyyətlərdən bəhs etdi. Bildirdi ki, 2021-ci il ərzində şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, insanların məmnunluq hisslərini artırmaq məqsədilə yeni park və xiyabanlar istifadəyə verilmişdir. Sakinlərin arzu və istəklərini nəzərə alaraq məhəllələrdə nümunəvi istirahət guşələri yaradılmış, onlara diqqət və qayğı daha yüksək səviyyə almışdır. İcra başçısı qeyd etdi ki, bütün bu tədbirlər 2022-ci ildə də daha yüksək səviyyədə davam etdiriləcək.
 

Tədbirin aparıcıları iştirakçıları salamlayaraq musiqili proqramla tədbiri davam etdirdilər. Şaxta baba və Qar qızın şənliyi canlandırmasına uyğun olaraq tədbirdə 11 saylı Musiqi məktəbinin müəllim və şagirdləri öz çıxışları ilə iştirakçıların ovqatını oxşadılar. Musiqi sədaları altında fidan balalar rəqs edərək öz bacarıqlarını nümayiş etdirirdilər, xatirə şəkilləri çəkdirdilər.

Tədbirdə ölkə başçısının Sərəncamı ilə Vətən müharibəsində şəhid olan igid əsgərlərimizdən 3 nəfərinə verilmiş ordenlər, 51 şəhid və əlil övladlarına yeni il hədiyyələri təqdim olundu.

Şənlik beləcə musiqi sədaları ilə davam etdi.

Şəhər Mərkəzi xəstəxanasının nəzdində olan Uşaq Sağlamlıq Mərkəzinin 23 nəfər fiziki cəhətdən qüsurlu uşaqlarına şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

RƏYLƏR