Mingəçevirdə "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib

OXUNUB: 240 Özəl SOSİAL
Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə "Enerji, aura və şüuraltı”, "Zamanın idarə olunması”, "CV və rezüme”, "Xoşbəxtlik və şans” və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib. Mingəçevir Gənclər Evində aparılan təlimlər zamanı iştirakçılar həm yeni və maraqlı biliklərə yiyələniblər, həm də əldə etdikləri bilikləri müxtəlif oyunlarda istifadə etməklə bacarıqlarını təcrübədən keçirmə şansı əldə ediblər.
"İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində və Sabirabad rayonunda yaşayan və ya təhsil alan yeniyetmə və gənclərin yumşaq bacarıqlar əldə etmələrinə təkan verməkdir. Layihənin hədəf qrupu hərəsində 16-25 yaş arası  20 nəfər (ümumilikdə 40 nəfər) olmaqla Mingəçevir şəhəri və Sabirabad rayonunda yaşayan gənclərdir. Sabirabad rayonunda layihənin icrası başa çatdıqdan sonra növbəti təlimlər Mingəçevir şəhərində həyata keçirilməyə başlayıb. Belə ki, seçilmiş gənclərə "Komanda quruculuğu və liderlik”, Ünsiyyət bacarıqları”, "Bədən dili” və "Auditoriya qarşısında çıxış” mövzularında təlimlər keçilib, komanda tapşırıqları yerinə yetirilib.
Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.
 

 

RƏYLƏR