Mingəçevirdə turizm yeni mərhələyə qədəm qoyur: MÜHÜM GÖRÜŞÜN TƏFƏRRÜATI

OXUNUB: 136 GÜNDƏM İQTİSADİYYAT

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Mingəçevirə səfər ediblər. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmiti  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul edib.

     İcra başçısı İlham İsmayılov qonaqlara Mingəçevirin sənaye şəhəri olmaqla yanaşı, bu nur şəhərinin həm də  böyük turizm potensialının olduğunu bildirib. O, Mingəçevirin  iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişli olduğunu diqqətə çatdırıb. İcra başçısı həmçinin bildirib ki, Mingəçevirdə turizm sahələri təşkil etmək üçün əlverişli yerlər də var: ”Ana Kürün ikiyə böldüyü Mingəçevirin turizm potensialı kifayət qədərdir. Cənab prezidentimiz bölgəyə səfəri zamanı  Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir demişdir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır.

     Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit səmimi qarşılanmaya görə təşəkkürlərini bildirib, eyni zamanda qeyd ediblər ki, Mingəçevirin yaşıllığı, təmizliyi, gül-çiçəyi onları   valeh edib. Agentlik sədri qeyd edib ki, ölkəmizin turizm imkanlarının tanıdılması, turistlərin cəlb edilməsi, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün genişmiqyaslı işlər görülür: "Ancaq xarici qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılması, yenidən və dəfələrlə ölkəmizə gəlməsinə nail olmaq üçün turizm ictimaiyyətinin bütün üzvləri vicdanla və məsuliyyətlə çalışmalıdırlar. Bu məsuliyyətli işdə turizm mütəxəssislərimizin peşəkarlığına inanır, vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq. Bu sahəyə investorlarda dəvət etmək lazımdır. Biz onları hər cür şəraitlə təmin edəcəyik. İnanırıq ki, sizin dəstəyinizlə  Mingəçevirdə turizm  potensialını daha da inkişaf etdirəcəyik”.

RƏYLƏR