Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət

OXUNUB: 1545 index-manşet SOSİAL
Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Əminliklə demək olar ki, onun böyüklüyü öz xalqı və dövləti üçün gördüyü misilsiz işlərdə bilavasitə əksini tapıb. Ümummilli Lider tutduğu vəzifədən və şəraitdən asılı olmayaraq, ən mürəkkəb məsələlərin məsuliyyətini üzərinə götürərək onların yüksək səviyyədə həllinə nail olmuşdur.

Hələ 1969-cu ildə Heydər Əliyevin rəhbərlik etməyə başladığı Azərbaycan keçmiş Sovet İttifaqının solğun mənzərəyə malik aqrar respublikalarından biri idi. Dövrün bütün məhrumiyyətlərinə baxmayaraq, Heydər Əliyevin səyləri nəticəsində qısa zamanda işə salınmış nəhəng potensial Azərbaycanı ittifaq miqyasında inkişaf edən nüfuzlu respublikaya çevirdi, ölkə həyatında sosial-iqtisadi, mədəni yüksəliş baş verdi. Bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə sənayedə əsas fondların 69 faizi yeniləndi, 250-dən çox zavod, fabrik istifadəyə verildi. Əgər 1969-cu ilədək olan dövrdə Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərliyi dövründə onların sayı 1048-ə çatdırıldı. Sənaye istehsalı və kənd təsərrüfatında əmək məhsuldarlığı 2 dəfə artdı, xalq təsərrüfatında gəlir ümumittifaq göstəricisini 2 dəfə üstələdi.

Heydər Əliyevin ölkəmizin kadr potensialının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər həqiqətən də heyrətamizdir. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbi yaradıldı və milli hərbi kadrların yetişdirilməsinə başlanıldı. SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikada ən çox ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olundu.

Sovet kommunist ideologiyası şəraitində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda sosial, iqtisadi, elmi, mədəni və digər sahələrdə ciddi uğurlar əldə edilməklə yanaşı, milli-mədəni dəyərlərin qorunması, milli yaddaşın tədricən dirçəldilməsi və milli özünüdərkin inkişaf etdirilməsi istiqamətində əməli addımlar atıldı. Prezident İlham Əliyev Ulu Öndərin həmin dövrdəki fəaliyyəti haqqında deyib: "Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasına, bu irsin formalaşmasında böyük rolu olan tarixi şəxsiyyətlərə yüksək diqqət ayırıb. 1970-ci illərdən başlayaraq Ulu Öndərin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin yubileyləri təntənə ilə qeyd edilməyə başlandı, İmadəddin Nəsiminin 600 illik yubileyi 1973-cü ildə UNESCO səviyyəsində keçirildi, 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirildi. 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda təsbit olunması Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.

Ulu Öndər yüksək şəxsi keyfiyyətləri və qısa müddətdə respublikada əldə etdiyi böyük uğurlar sayəsində İttifaq miqyasında şöhrət qazandı və 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu dövrdə də Azərbaycana xüsusi diqqət ayırdı, verdiyi ardıcıl tapşırıqlar, qəbul etdiyi qərarlar onun doğma Vətəni üçün xidmətinin növbəti mərhələsini təşkil etdi.

Hər bir xalqın tarixində keşməkeşli dövrlər olub, lakin onların hamısı heç də bu sınaqdan uğurla çıxa bilməyib. Tarixdə şəxsiyyətlərin rolunu araşdıran əksər tədqiqatçıların ümumi rəyinə əsasən, belə hallarda hadisələri düzgün təhlil edib, qiymətləndirib zəruri addımlar atmağı, qərarlar qəbul etməyi bacaran liderlərin olması həlledici şərtlərdən biridir. Onlar haqlı olaraq fərdi xüsusiyyətlərin və əldə olunmuş təcrübənin liderin xarakterini və davranışını izah etdiyini bildirirlər. Deməli, istənilən hadisəyə münasibət fərdlərin xarakterinə, şəxsiyyətinə uyğun olaraq dəyişir və fərqli məzmunda özünü büruzə verir. Heydər Əliyevin Qanlı 20 Yanvar hadisələrinin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, sovet qoşunlarının Bakıda törətdiyi qırğını qətiyyətlə və sərt şəkildə qınaması onun böyük vətənpərvərliyinin ifadəsi idi. Məhz bu vətənpərvərlik Heydər Əliyevi Moskvadan Bakıya, oradan isə doğulub böyüdüyü Naxçıvana apardı.

Mübaliğəsiz demək olar ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi yolun hər bir mərhələsinin əsasında 1990-cı illərin əvvəllərində tarixi missiya ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Liderin uzaqgörənliklə hazırladığı, həm daxili siyasi xüsusiyyətləri, həm də beynəlxalq sistemin qanunauyğunluqlarını nəzərə alan milli dövlətçilik strategiyası dayanır.

Politoloji nöqteyi-nəzərdən dövlət müstəqilliyinin əldə edilməsi xalqların azadlığı yolunda dönüş nöqtəsi hesab olunsa da, Ulu Öndərin dəfələrlə vurğuladığı kimi "həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir”. Heydər Əliyev dühası doğma Vətəni dağılmaq təhlükəsindən xilas etməklə kifayətlənmədi, o, daha böyük amal - Azərbaycanın həqiqi müstəqilliyi uğrunda mübarizə apardı, bütün bilik və bacarığını, imkanlarını səfərbər edərək bu müstəqilliyi əbədi və dönməz etdi.

Müstəqilliyin ilk illərində buraxılan səhvlər mürəkkəb tarixi-siyasi şəraitdə və qeyri-müəyyən geosiyasi mühitdə Azərbaycanı ciddi təhdid və çağırışlarla üz-üzə qoymuş, ölkəni uçurumun astanasına sürükləmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, mərkəzi hakimiyyətin cinayətkar səriştəsizliyi, xarici amillərin təsiri altında mərkəzdənqaçma meyillərinin güclənməsi, daxili silahlı qarşıdurmanın tədricən vətəndaş müharibəsinə çevrilməsi ölkəmizin üzləşdiyi problemlərin böyük miqyasından xəbər verirdi. Təsadüfi deyil ki, 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10 dəfədən çox, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə artdı, ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz, əhalinin pul gəlirləri 3,3 dəfə, əməkhaqları isə 5,7 dəfə azaldı. Mərkəzi Bankın faiz dərəcələri 250 faizə çatdı, milli valyuta ucuzlaşaraq Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü.

Həmin dövrdə hakimiyyətdə olmuş qüvvələrin uğursuzluğu və zəif cəhəti ondan ibarət idi ki, onlar nə ölkə daxilində, nə regionda, nə də ümumilikdə qlobal səviyyədə cərəyan edən prosesləri, yeni dünya nizamını və bu nizamda Azərbaycanın yerini təsəvvür edə bilmirdilər. İctimai-siyasi sabitliyi təmin etmək əvəzinə, daxildə gərginliyi artıran addımlar atılır, səriştəsiz kadrların özbaşınalığı hələ dövlətin formalaşmamış idarəçilik sisteminə və dövlət institutlarının funksionallığına zərbə vurur, hərbi və təhlükəsizlik məsələlərinin həlli sistemli yanaşma tələb etdiyi halda, silahlı dəstələr cəmiyyətdə terror ab-havası yaradır, xarici siyasət prioritetləri müəyyən edilmədən beynəlxalq əlaqələrin qurulmasına yönəlmiş uğursuz addımlar atılırdı. Bu cür şəraitdə sosial-iqtisadi, hüquqi islahatların həyata keçirilməsindən danışmaq belə mümkün deyildi. Zaman dövlətin qısamüddətli və uzunmüddətli dövr üçün prioritetlərinin, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və cəmiyyətin bütün potensialının, maddi-mənəvi resursların bu vəzifələrin icrası üçün səfərbər olunmasını tələb edirdi.

Respublikada ağır vəziyyətin hökm sürdüyü bir dövrdə mərkəzi hakimiyyət ölkəni fəlakətə sürükləyən problemləri aradan qaldırmaq əvəzinə, blokadada olan və məhz Heydər Əliyevin səyləri sayəsində ayaq üstə dayanan Naxçıvan MR-də vəziyyəti gərginləşdirməyə cəhd göstərirdi. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan MR-ə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində həmin dövrü aydın təsvir edir: "Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün”.

Ancaq Ümummilli Lider nə Ermənistanın muxtar respublikanın ərazilərini işğal etmək planlarının, nə də mərkəzi hakimiyyətin məkrli niyyətlərinin reallaşmasına imkan verdi. Ulu Öndər Naxçıvan kimi strateji coğrafi ərazinin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, sosial problemlərinin həlli ilə yanaşı, ümumilikdə Azərbaycanın istiqlaliyyəti uğrunda gərgin mübarizəyə qalxdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə işə başlayan 12-ci çağırış Naxçıvan Ali Sovetinin 1-ci sessiyasında "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul olundu, muxtar respublikanın adından "sovet”, "sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan MR-in dövlət bayrağı kimi təsdiq edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar qərar respublika miqyasında qəbul edilsin. Bu, Ulu Öndərin Vətən qarşısında növbəti tarixi xidməti idi.

Təbii ki, həmin dövrdə aparılan gərgin müzakirələrdə ziyalılar, cəmiyyətin görkəmli nümayəndələri, sıravi vətəndaşlar kimin ölkəni fəlakətdən xilas edəcəyi ilə bağlı sual vermirdilər. Çünki cəmiyyətimizin yekdil rəyi ondan ibarət idi ki, yalnız müdrik şəxsiyyət, böyük siyasi təcrübəyə malik Heydər Əliyev bu missiyanı üzərinə götürüb Azərbaycanı ağır vəziyyətdən xilas edə, dövlətçiliyimizi qoruyub saxlaya bilər.

1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyevin müdrik siyasəti, qətiyyəti və yenilməz iradəsi sayəsində Azərbaycan qısa müddətdə təhlükələri dəf edə bildi, silahlı qarşıdurmaya son qoyuldu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, siyasi mübarizənin sivil və konstitusion çərçivədə davam etdirilməsi üçün əsaslar yaradıldı. Ulu Öndər bütün məsuliyyəti öz üzərinə götürərək dövlətin yaxın və uzunmüddətli hədəflərini müəyyənləşdirdi, cəmiyyətin, ictimai münasibətlərin yeni əsaslarla transformasiyası ilə bağlı zəruri resursları səfərbər etdi və Azərbaycanın ardıcıl inkişafı üçün siyasi-iqtisadi baza formalaşdırdı. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi və hüquqi islahatların həyata keçirilməsinə başlandı. İflic vəziyyətə salınmış dövlət idarəçilik sistemi yenidən quruldu, dövlət qurumlarının işinə münasibətdə meyarlar, tələblər dəyişdi. Ulu Öndər bəyan edirdi: "Xalqın, millətin mənafeyini hər bir kəsin mənafeyindən üstün tutmaq lazımdır”. Heydər Əliyev qədim və zəngin dövlətçilik ənənələrimizi bərpa etməklə yenidən müstəqilliyinə qovuşmuş dövlətimizin möhkəm təməllər üzərində ardıcıl inkişafına nail oldu. Bəli, bizim taleyimiz tam fərqli ola bilərdi, lakin 1993-cü ilin dönüş nöqtəsi milli dövlətçiliyimizə yenidən nəfəs verdi, xalqımızın qurtuluş salnaməsinin parlaq səhifəsini açdı.

Sovet dövründə respublikalar arasında qurulan qarşılıqlı əlaqələrin pozulması və daxildə kəskinləşmiş tənəzzül faktiki olaraq iqtisadi siyasətin kökündən dəyişdirilməsini və yeni iqtisadi inkişaf modelinin tətbiqini tələb edirdi. Heydər Əliyevin təklif etdiyi model iki mühüm sütuna əsaslanırdı: iqtisadi sahədə yeni münasibətləri formalaşdıracaq islahatlar və milli inkişafın təməlini təşkil edəcək yeni neft strategiyası. Köhnə iqtisadi modelin iflasa uğradığı və "vəhşi kapitalizm” prinsiplərinin geniş ayaq açdığı bir şəraitdə keçid iqtisadiyyatı dövrü üçün dövlətin tənzimləyici funksiyasının saxlanması zəruri idi. Bu, həm dövlətin yönləndirici fəaliyyətinə ehtiyac duyan iqtisadiyyatın tarazlı inkişafını şərtləndirirdi, həm vətəndaşların sosial rifahının yaxşılaşmasında dövlətin birbaşa iştirakını təmin edirdi, həm də ilkin mərhələdə milli iqtisadiyyatı qloballaşmanın "dağıdıcı təsiri”ndən qoruyurdu. Nəzəri müstəvidə dövlətin bu prosesə müdaxilə edib-etməməsi hələ də müzakirə predmetidir, bəzən təcrübə bu və ya digər tərəfin arqumentlərini dəstəkləyir. Lakin məşhur iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlitsin qeyd etdiyi kimi, "bazarın çatışmazlıqları” Adam Smitin klassik "görünməz əl” ideyasına əsaslanan modellərin reallığın mürəkkəb xüsusiyyətlərini tam əhatə etmədiyini göstərir və iqtisadi fəaliyyətin dinamikasına əlavə dəyər gətirən dövlətin rolunu qaçılmaz edir. Azərbaycanda keçid iqtisadiyyatı dövrü ilə bağlı təklif olunan və həyata keçirilən inkişaf modeli beynəlxalq iqtisadi sistemin "amansız rəqabət” və "ədalətsiz mübarizə” reallıqları fonunda islahatların ciddi fəsadlar olmadan reallaşdırılmasını və sonrakı dövrdə sürətli inkişaf üçün zəruri bazanın yaradılmasını təmin etdi.

Heydər Əliyevin inkişaf strategiyası iqtisadi subyektlərin fəaliyyət mühitini yaxşılaşdırmaqla yanaşı, dövlətin uzunmüddətli perspektivdə ehtiyac duyulan maliyyə resursları ilə təmin edilməsinə hesablanmışdı. Bu mənada 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” qlobal əhəmiyyətə malik hadisə olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişafının fundamentini təşkil etdi. Nə Xəzər dənizinin hüquqi statusunun təyin edilməməsi, nə də regional geosiyasi mühitin ziddiyyət təşkil edən maraqları Ulu Öndərin iradəsini dəyişdirə bildi. Xarici sərmayə üçün açılan Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, 2002-ci ildə çoxlarının xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təməlinin qoyulması nəticəsində ölkəmiz mühüm karbohidrogen ixracatçısına və enerji dəhlizinə çevrildi. Neft və qaz resurslarından əldə edilən vəsaitlərin səmərəli idarə edilməsi üçün 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması milli neft strategiyasının ümumi mənzərəsini tamamlayan və onu sosial-iqtisadi inkişafın sütununa çevirən mühüm qərar oldu.

Heydər Əliyevin iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə çoxaldı. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 dövləti əhatə etdi. Yaxud 1996-cı ildə ölkədə 602 xarici investisiyalı müəssisə fəaliyyət göstərirdisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104-ə çatdı. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artdı. Ulu Öndər əhalinin sosial rifahının yüksəldilməsi məsələsini daim diqqət mərkəzində saxlayaraq 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan çox sənəd imzaladı. Nəticədə 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı.

Ümummilli Liderin həyata keçirdiyi fəal xarici siyasət Azərbaycanın suverenliyini və təhlükəsizliyini daha da gücləndirdi, ölkənin böyük güclərin konfrontasiya meydanına çevrilməsinə imkan vermədi, əksinə, region və dünya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan, bərabərhüquqlu əməkdaşlıq münasibətlərini inkişaf etdirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq bütün beynəlxalq tribunalarda Ermənistanın təcavüzünün və işğalçı siyasətinin ifşası ilə bağlı məqsədyönlü iş apardı. ATƏT-in 1996-cı ildə keçirilmiş Lissabon Sammitində Heydər Əliyevin qətiyyəti sayəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının prinsipləri təsbit edildi, Azərbaycanın ədalətli mövqeyinin dünya birliyi tərəfindən müdafiə olunması istiqamətində mühüm addım atıldı, münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə möhkəmləndirildi.

Qeyd edilməlidir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq hüquq konseptual xarakter alaraq dövlətlərarası münasibətləri tənzimləyən norma və qaydaları özündə cəmləşdirdi. Lakin konkret hallarla bağlı onların tətbiqinə selektiv yanaşma, verilən qərarların böyük dövlətlərin iradəsindən və maraqlarından asılı vəziyyətə düşməsi beynəlxalq hüququn aliliyini sarsıtdı və problemli məsələlərin həllində yenidən "kim güclüdür, o da haqlıdır” prinsipi işləməyə başladı. Məhz bu səbəbdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və suveren Azərbaycan ərazilərinin işğalını qınayan BMT Təhlükəsizlik Şurasının qətnamələri bu təşkilat tərəfindən heç zaman icra edilmədi. Beynəlxalq münasibətlərdə ədalətsizliyin rəmzinə çevrilən mövcud ikili standartlar BMT-nin funksionallığını itirməsindən və acizliyindən qaynaqlanırdı. Mövcud şəraitdə Heydər Əliyev həm diplomatik müstəvidə ardıcıl və məqsədyönlü siyasət yürüdərək bir tərəfdən Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirdi, xarici əlaqələrini möhkəmləndirdi və münaqişənin ədalətli həlli üçün səylərini ardıcıl şəkildə gücləndirdi, eyni zamanda, iqtisadi dirçəlişin açdığı imkanlardan istifadə edərək nizami ordu quruculuğuna xüsusi diqqət ayırdı.

Heydər Əliyevin Azərbaycan xalqı və gələcək nəsillər qarşısında ən böyük xidmətlərindən biri də milli ideoloji konsepsiyanın formalaşdırılmasıdır. Qeyd edilməlidir ki, 200 ildən artıq müddətdə müxtəlif imperiyaların işğalına məruz qalmış Azərbaycan xalqının birlik ideyası ciddi deformasiyaya uğramışdı və cəmiyyətdə bir növ ideoloji boşluq yaranmışdı. 1990-cı illərin ortalarında milli kimliklə bağlı müzakirələrin getdiyi bir vaxtda Heydər Əliyev böyük uzaqgörənliklə azərbaycançılıq ideyasını irəli sürdü və təşviq etdi. Heydər Əliyev deyirdi: "Biz müstəqilliyimizi yalnız milli həmrəylik əsasında qoruyub saxlaya biləcəyik. Biz Azərbaycanın xoşbəxt gələcəyini yalnız bu əsasda təmin edə biləcəyik. Məhz bu əsasda biz Azərbaycanı müharibə şəraitindən çıxara biləcəyik. Məhz bu əsasda biz Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcəyik”. Ulu Öndərin tarixi əhəmiyyət kəsb edən bu fikirləri Azərbaycan xalqını bölünməz qüvvə, müstəqil dövlətimizi isə dünya azərbaycanlıları üçün vahid məkan kimi nəzərdən keçirir. Birləşdirici amil kimi çıxış edən azərbaycançılıq ideologiyası elmi-ictimai müzakirələrin istiqamətini təyin etdi, Heydər Əliyevin "mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi azərbaycanlı milli kimliyini qürur mənbəyinə çevirdi.

Tarixçilərin fikrincə, yaşadığımız hazırkı zaman ondan əvvəlki zamanın müəyyən mənada davamı kimi çıxış edir, bu gün və dünən arasında mütləq şəkildə qırılmaz bağlılıq mövcuddur. Bu baxımdan siyasi-ideoloji varislik Azərbaycanın qədim dövlətçilik tarixinin son otuz ilini əhatə edən müasir inkişaf mərhələsində milli dövlətimizin yenidən təşəkkülü, konsolidasiyası və tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu illər ərzində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə bünövrəsini qoyduğu müasir Azərbaycan daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə böyük yol qət etdi, onun siyasi iradəsi, bacarıqlı idarəçiliyi və qətiyyəti sayəsində öz qüdrətinin zirvəsinə yüksəldi.

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının elmi əsaslara malik fundamental mahiyyətini bir daha təsdiq etdi. Artıq 2003-cü ilin sonlarında Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, dünyada özünə layiqli yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin rifahının daha da yaxşılaşdırılması hədəfə götürüldü. Ardıcıl şəkildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları icra olundu, iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdirildi, ölkənin sənaye potensialı gücləndirildi, kənd təsərrüfatının ayrı-ayrı sahələri dirçəldildi, sosial sahədə inqilabi qərarlar qəbul olundu və yerinə yetirildi. Müasir dövrün reallıqları nəzərə alınmaqla daim təkmilləşdirilən strateji xəttin həyata keçirilməsi nəticəsində Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa vuraraq güclü iqtisadi potensial formalaşdırmağa nail oldu. Ölkədə geniş miqyas almış quruculuq işlərinin məntiqi nəticəsi olaraq bütün infrastruktur yeniləndi, şəhər, kənd və qəsəbələrin siması müasirləşdi, cəmiyyət həyatının bütün sahələrində böyük dəyişikliklər baş verdi.

Azərbaycan öz tərəfdaşları ilə "Şahdəniz” yatağından hasil olunan qazın beynəlxalq bazara çıxarılması üçün "Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirərək dünyanın enerji xəritəsini dəyişdirdi və Avropanın enerji təhlükəsizliyini təmin edən əsas mənbələrdən birinə çevrildi. BP şirkəti ilə tarixə "Yeni əsrin müqaviləsi” kimi düşmüş saziş imzalandı, enerji sahəsində digər tədbirlər həyata keçirildi. Bütün bunlar ölkəmizə hələ uzun onilliklər ərzində böyük maliyyə vəsaitlərinin axınını təmin etməklə yanaşı, onun dünyada əsas enerji ixracatçılarından biri kimi qalmasını təmin etdi. Coğrafi baxımdan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat-kommunikasiya sahəsində potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atıldı, ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradıldı. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edərək bu layihələrin icrasına önəmli töhfələr verdi.

Bu illər ərzində Azərbaycan fəal və məqsədyönlü diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli əlaqələrini gücləndirdi, çoxsaylı yeni tərəfdaşlar qazandı, yeni dövlətlərarası əməkdaşlıq formatlarının təşəbbüskarı oldu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına və digər nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etdi. Böyük güc və nüfuz sahibinə çevrilən, etibarlı tərəfdaş kimi tanınan ölkəmizin irəli sürdüyü təşəbbüslər dünya miqyasında dəstəkləndi. Bütün bunlar Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırmağa, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini tam ifşa etməyə, aparıcı beynəlxalq təşkilatların bu işğalı pisləyən qərarlar qəbul etməsinə şərait yaratdı.

Azərbaycanın güclü iqtisadi potensialı müasir ordu quruculuğuna şərait yaratdı, Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasında layiqli yer tutdu. Ölkəmizdə müdafiə sənayesi formalaşdırıldı, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təchiz olundu.

Cəmiyyətimizdə sosial ədalət, humanizm prinsiplərinin daha da möhkəmlənməsi, sosial sahənin inkişafı, xalqımızın zəngin milli-mədəni irsinin qorunub saxlanması və dünyada təbliği sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu vardır. Dövlət idarəçiliyi sistemində operativliyin, şəffaflığın daha geniş vüsət alması, vətəndaşlarımızın, xüsusilə aztəminatlı təbəqənin və həssas qrupların problemlərinin həlli, keyfiyyətli təhsilin, tibbi xidmətin hər bir cəmiyyət üzvü üçün əlçatanlığının təmin edilməsi, nəhəng beynəlxalq tədbirlər zamanı səmərəli idarəetmə hörmətli Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsini təşkil edir. Heydər Əliyev Fondunun ölkə daxilində həyata keçirdiyi çoxsaylı layihələr mədəni irsimizin öyrənilməsi, bərpası, qorunması və təbliği işinə, sosial, ekoloji və digər məsələlərin həllinə güclü dəstəkdir. Fondun müxtəlif ölkələrdə həyata keçirdiyi tədbirlər ümumbəşəri mədəni irsin qorunub saxlanmasına töhfə olmaqla yanaşı, Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasında əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs xalqımızın həmrəyliyinin daha da möhkəmlənməsini, bütün dünya azərbaycanlılarının vahid məqsəd uğrunda sıx birliyini təmin etdi.

Beləliklə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu ikinci onilliyin sonlarında Azərbaycan iqtisadi və hərbi gücün yaratdığı potensialı reallaşdıraraq, fəal diplomatiyanın uğurlarını praktiki müstəviyə keçirərək və beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq tarixi ədaləti bərpa etmək imkanı qazandı. Ermənistanın gündən-günə artan ambisiyaları, qeyri-konstruktiv davranışları, xüsusilə ardıcıl təxribatları bu tarixi vəzifənin yerinə yetirilməsini daha da asanlaşdırdı.

Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq və özünümüdafiə hüququndan istifadə edərək 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn tələbləri və mövcud qaydalar çərçivəsində, ləyaqətlə apardı, mülki əhalini hədəfə alan, qadağan olunmuş silahlardan istifadə edən düşmənə döyüş meydanında qətiyyətlə cavab verdi. Ermənistanın Azərbaycanın şərtləri altında kapitulyasiya aktını imzalaması tarixi torpaqlarımızla, Vətənimizin bir parçası ilə ayrılığımıza son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etdi və Ümummilli Liderin, xalqımızın ən böyük arzusunu həyata keçirdi. Prezident İlham Əliyev deyib: "Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi”.

Bu tarixi Zəfər dərin zəkaya və iti təfəkkürə malik, bütün ömrünü xalqına xidmətə həsr etmiş Heydər Əliyevin milli inkişaf strategiyasının, siyasi-ideoloji varisliyin məntiqi nəticəsidir. Ulu Öndərin qətiyyətli, inamlı və düşünülmüş qərarları sayəsində yenidən dirçəlib güclənmiş müasir Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq münasibətlərin konfiqurasiyasında mühüm aktora, regionda sabitliyin və inkişafın hərəkətverici qüvvəsinə çevrilib.

Prezident İlham Əliyev qeyd edib: "Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun çox böyük əhəmiyyətini, bəlkə də indi tam demək çətindir. Vaxt keçdikcə, zaman keçdikcə, Heydər Əliyevin fəaliyyəti dolğun şəkildə təhlil olunandan sonra biz bu insanın əzəmətini, Azərbaycan xalqına verdiyi töhfəni daha da yaxşı görəcəyik”. Ulu Öndərin fəaliyyəti və siyasi irsi hələ uzun dövr bundan sonra geniş və ətraflı araşdırılacaq, onun konseptual fikirləri, tarixi qərarları gələcəkdə də müstəqil Azərbaycanın inkişafı ilə bağlı məsələlərin həllində baza rolunu oynayacaqdır. Mübaliğəsiz demək olar ki, Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil edən həyat fəlsəfəsi, böyük dövlətçilik təcrübəsi, zəngin siyasi irsi onu dövrünün fenomeni statusuna yüksəltdiyi kimi, həm də gələcək nəsillər üçün nümunəyə, məktəbə çevirdi. Məhz bu səbəbdən xalqımız Heydər Əliyevin xatirəsini əziz tutur, onu minnətdarlıqla anır və 100 illik yubileyini əsl bayram kimi qeyd edir. Heydər Əliyev daim azərbaycanlıların qəlbində yaşayacaq, onun adı hər zaman milli fəxarət rəmzi kimi çəkiləcəkdir.

Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

RƏYLƏR