“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR

OXUNUB: 0 Özəl QHT SOSİAL
"Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Natiqlik mədəniyyətinin regionlarda təbliği" layihəsi çərçivəsində ilk tədbirini Ağsu şəhərində uğurla reallaşdırıb.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, rayonun ziyalıları, təhsil ictimaiyyətinin nümayəndələri, QHT və media təmsilçiləri, eləcə də gənclər iştirak ediblər. Layihənin əsas məqsədi natiqlik mədəniyyətinin inkişafına töhfə vermək, cəmiyyətin müxtəlif təbəqələri arasında səmərəli ünsiyyət bacarıqlarını təşviq etmək, xüsusilə regionlarda bu sahəyə marağı artırmaq və müasir natiqlik ənənələrinin geniş auditoriyaya çatdırılmasıdır.

Tədbiri giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva qonaqları salamlayaraq belə təşəbbüslərin regionlarda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, düzgün nitq mədəniyyəti, fikir ifadə etmək bacarığı və sağlam ünsiyyət cəmiyyətin inkişafında mühüm rol oynayır. Sevil Mirzəliyeva qeyd edib ki, bu cür maarifləndirici layihələr gənclərin şəxsi inkişafına, ictimai fəallığının artmasına və onların gələcək fəaliyyətində uğur qazanmasına mühüm töhfə verir. O, layihənin Ağsudan başlamasını yüksək qiymətləndirərək təşkilatçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən "Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri Nüşabə Fətullayeva layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən üç aylıq layihə ölkəmizdə natiqlik mədəniyyətinin təbliği, effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə maarifləndirmə işinin genişləndirilməsini qarşıya məqsəd qoyur.

Nüşabə Fətullayeva vurğulayıb ki, natiqlik yalnız gözəl danışmaq deyil, həm də fikri düzgün ifadə etmək, auditoriya ilə sağlam ünsiyyət qurmaq, cəmiyyətdə qarşılıqlı anlaşmanı və dialoqu gücləndirmək bacarığıdır. Onun sözlərinə görə, layihənin ilk tədbirinin məhz Ağsuda keçirilməsi təsadüfi deyil və regionlarda bu sahəyə marağın artırılması gələcək fəaliyyətin əsas prioritetlərindən biridir.

BNM İB sədri qeyd edib ki, layihə çərçivəsində növbəti aylarda ölkənin digər bölgələrində də silsilə tədbirlər, seminarlar və maarifləndirici görüşlər təşkil olunacaq. O, gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirərək bu istiqamətdə dövlət qurumları və ictimai institutlarla əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə əsas məruzə ilə çıxış edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli natiqlik sənətinin tarixi inkişaf mərhələlərindən, Azərbaycan natiqlik məktəbinin zəngin ənənələrindən və bu sahənin müasir dövrdə qazandığı əhəmiyyətdən geniş bəhs edib.

Deputat bildirib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə düzgün və təsirli nitq bacarığı hər bir insan üçün vacib üstünlüklərdən birinə çevrilib. Onun sözlərinə görə, natiqlik təkcə siyasətçilər və ya müəllimlər üçün deyil, dövlət qulluqçuları, jurnalistlər, hüquqşünaslar, sahibkarlar və ümumilikdə bütün peşə sahibləri üçün uğurun əsas şərtlərindən biridir.

Elçin Mirzəbəyli vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması, ana dilimizin zənginliyinin təbliği və cəmiyyətin intellektual inkişafı baxımından natiqlik mədəniyyətinin inkişafı strateji əhəmiyyət daşıyır. O, bu istiqamətdə həyata keçirilən layihələri yüksək qiymətləndirərək belə təşəbbüslərin regionlarda davamlı şəkildə təşkil olunmasının vacibliyini qeyd edib.

Çıxışlardan sonra tədbir diskussiya formatında davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai çıxış zamanı qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Görüş qarşılıqlı müzakirələr və faydalı tövsiyələrlə yadda qalıb.

Sonda layihə çərçivəsində hazırlanmış xüsusi brend məhsullar – layihənin loqosu əks olunmuş kepka və maykalar iştirakçılara təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, "Natiqlik mədəniyyətinin regionlarda təbliği" layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və qarşıdakı aylarda ölkənin müxtəlif bölgələrində analoji maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
 



 
 
 
 

RƏYLƏR