Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

OXUNUB: 238 Özəl SOSİAL
Nəsimi Rayon İcra Hakimiyyətinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  və YAP Nəsimi rayon təşkilatnın birgə  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəyli, Millət vəkilləri, Nəsimi rayon ziyalıları, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir. 
 Ulu Öndər Heydər Əliyevin  əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışdı. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirdi. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi.
Natiq Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğuladı ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.  
Xalq artisti Xuraman  Qasımova Ümummilli Lider Heydər Əliyevlə bağlı öz xatirələrini danışdı.Tədbir daha sonra Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları  bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan  Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

RƏYLƏR