20 noyabr 2023-cü il tarixində Pakistanın Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən "ASAN xidmət” mərkəzləri barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Həmçinin "ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "ABAD”ın fəaliyyəti ilə də yaxından tanış olublar.