Partiya sədri Tərtər icra başçısı ilə bağlı Prezident Administrasiyasına və DTX-ya müraciət edib

OXUNUB: 454 Özəl GÜNDƏM HADİSƏ
"Tərtər rayon icra başçısı Müstəqim Məmmədovla bağlı dəfələrlə sosial şəbəkələrdə müxtəlif məzmunlu şikayətlərə rast gəlirəm”.

Reyting.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə bildirib.

Onun sözlərinə görə, maraqlı məqamlardan biri budur ki, icra başçısından ən çox şikayət edən Şəhid və Qazi ailələridir:

"Səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə nədən diqqət ayırmır, niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur?

Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya Qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir?”.

İqbal Ağazadə şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına (Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə) müraciət edib:

"Bu icra başçısının - Müstəqim Məmmədovun əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə onlara layiq insanlar rəhbərlik etməlidir”.

Partiya sədri müraciətinin sonunda bildirib ki, çoxsaylı şikayətlər, müraciət edən xeyli sakinlər var: "Videomateriallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir”.

RƏYLƏR