"Paşinyanın sülh anlaşmasının mətni üzərində növbəti mərhələni də tamamlayıb təklifləri ilə birgə Bakıya təqdim etmələri haqda son açıqlaması gözə kül üfürməkdən və boşboğazlıqdan başqa bir şey deyil."
Bu barədə 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "Ermənistan rəhbərliyi Münxen konfransı öncəsi bununla guya sülhə hazır olduqlarını, anlaşmanın mətni üzərində ciddi işlədiklərini sərgiləmək niyyəti güdür. Əslində isə məqsəd məsləhət verənlərinin təkidi ilə geosiyasi vəziyyət onların xeyrinə dəyişənədək danışıqlar prosesini uzatmaqdır.
Belə görünür ki, Paşinyanla komandası ikinci Qarabağ savaşından gərəkən dərsi çıxarmayıblar. Yenə də 3 il öncə deyilənlər təkrarlanır, guya bunlar elə bir sülh anlaşması istəyirlər və təklif edirlər ki, orada "bütün tərəflərin maraqları nəzərə alınıb".
Bir halda ki, qərbdəkilərin də tez-tez dilə gətirdikləri hərtərfli sülh anlaşmasından yanadılar, maraqlıdır, Paşinyanla məsləhət verənləri sayları Qarabağdakı haylardan bir neçə dəfə çox olan soydaşlarımızın Ermənsitandakı yurd yerlərinə dönüşünün orada əksini tapmasını istəyirlərmi, buna hazırdırlarmı? Əlbəttə yox.
Bəs onda o, hansı məntiqlə Qarabağa açıq iddianın, örtülü iddia ilə əvəzlənməsini, yaxın perspektivdə olmasa da, orta və uzaq perspektivdə yenidən "miatsum" deyə bağrılmasını ön görən təkliflərin bizim də maraqlarımıza cavab verdiyini deyir? O, aralarında Fransa kimi Azərbaycana qarşı düşməncəsinə siyasət yeridən dövlətin olduğu Minsk qrupu həmsədrlərini yenidən oyuna qoşmaq cəhdlərinin nə anlam daşıdığını dərk etməyəcək qədər əbləhdirmi? Paşinyan əgər tezlikə sülhə hazırdırsa, onda ötən ilin dekabrında keçirilməsi planlaşdırılan Brüssel gürüşünü "Fransa Prezidenti orada olmasa, məndə getməyəcəm",- deyərək niyə pozdu. Avropa Birliyi platformasında keçiriləcəyindən həmən görüşdə moderatorluğu Şarl Mİşel edəcəkdi, elə isə Makron Ermənistan baş nazirinin nəyinə lazım idi, hansı funksiyanı yerinə yetirəcəkdi?"