“Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…” – Video

OXUNUB: 11 HADİSƏ
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Pearl Kids” uşaq bağçasında iki müəllimin azyaşlıya qarşı psixoloji təzyiq və kobud davranışı narazılığa səbəb olub.

Tribuna.az-a bu barədə kobud davranışa məruz qalan və həmin münasibətdən qorxduğu bildirilən 4 yaş yarımlıq uşağın valideyni İradə Aşirova məlumat verib. Narazı valideyn bildirib ki, hadisə aprelin 30-da baş versə də, nə bağça, nə də müəllimlərlə bağlı hər hansı tədbir görülməyib:

"Oğlum "Pearl Kids” bağçasının məktəbəqədər hazırlıq qrupuna gedir. Oğlumun olduğu qrupun müəlliməsi Təhminə müəllimədir. Bu xanımın mənim övladıma qarşı göstərdiyi kobud münasibətdən narazıyam. Qrupda iki uşaq arasında yaranan adi mübahisəni müəllimə oğlumla pis rəftar edərək yekunlaşdırıb. 4 yaş yarımlıq uşaqdır. Uşaqlar nadinclik də edə bilər, danışa da bilər, oyuncaq üstündə dalaşa da bilərlər. Müəllim buna müdaxilə edə bilər. Ancaq heç bir müəllimin ixtiyarı yoxdur ki, 4 yaşlı uşağın qolunu sıxıb dartaraq onu yerində oturtsun, üstünə qışqırsın, qolunu göyərtsin. Ən pisi də odur ki, bu müəllimə hələ də həmin bağçada çalışır”.

Şikayətçi bildirib ki, bu, həmin bağçada oğluna qarşı ilk kobud münasibət deyil:

"Oğlumla eyni qrupda oxuyan qız nəyinsə üstündə mübahisə edib. Uşaqdırlar, belə hallar həyətdə də olur, evdə də, məktəbdə də. Ancaq buna bir ana, bir müəllimə niyə kobud formada müdaxilə etməlidir? Uşağın anası Aygün xanım həmin bağçada müəllimə işləyir. İki uşaq arasında olan mübahisəyə görə bu müəllimə oğlumun üstünə hücum çəkib. Uşağın üstünə qışqırır, üstünə gedir. Bunun görüntüləri də var. Oğlum qorxudan yerində əyləşir. Ancaq bu müəllimə dayanmır. Dəfələrlə uşağın üstünə gedərək qışqırır.

Bu xanımlar müəllimdirlər, pedaqoqdurlar. Ancaq 4 yaşlı uşaqla necə rəftar etməyi belə bilmirlər. Mənim oğlum qorxudan xəstəlik tapa bilər. Bunun cavabını kim verəcək?”

Narazı valideyn bağça və iki müəllimlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, nə bağça, nə də müəllimlərlə bağlı tədbir görülüb:

"Uşağını o bağçaya gətirənlər 400-500 manat pul ödəyir. Mən bu pulu ödəyim, həm də uşağım incidilsin, təzyiqə məruz qalsın? Hadisədən sonra nə bağça rəhbərliyi, nə də müəllimlər bizdən üzr istədi.
Elm və Təhsil Nazirliyinə də bu barədə məlumat vermişəm. Ancaq müraciətlərimə baxılmayıb. Hamı övladını etibarlı yerə qoymaq istəyir. Ancaq "Pearl Kids” uşaq bağçası uşaqlar üçün etibarlı yer deyil. 4 yaşlı uşağa qarşı utanmadan psixoloji şiddət tətbiq edən bu iki müəllimə cəzalandırılmalıdır. Onlar pedaqoq deyil, uşaqla rəftar qaydalarını bilmirlər. Əsəblərini cilovlaya bilmirlərsə, ən adi məsələdə 4 yaşlı uşağın üstünə hücum çəkib onu qorxudurlarsa, bu qadınların yeri uşaq bağçası və hazırlıq kursları deyil”.
Valideyn iddia edir ki, bağça rəhbərliyi tərəfindən ona "bizim metodikaya qarışa bilməzsən”, "müəllimdir, uşağı vurub danlaya da bilər”, "xoşun gəlmir, uşağını götür çıx get” kimi ifadələr səsləndirilib.

Şikayətçinin sözlərinə görə, təxminən üç gün sonra bağça rəhbərliyinin münasibəti dəyişib və ona zəng edilərək üzrxahlıq olunmağa başlanılıb. Valideyn həmin davranışları sərgiləyən müəllimlərin bağçada fəaliyyətini davam etdirməsinin yolverilməz olduğunu rəhbərliyə bildirib. Lakin onun iddiasına görə, məsələ qulaqardına vurulub və həmin iki müəllim hələ də bağçada çalışır.
Şikayətçi məsələnin həm müəllimlərin cəzalandırılması, həm də valideynlərin ayıq-sayıq olması üçün ictimailəşdirildiyini bildirib:

"Belə uşaq bağçalarından, belə müəllimlərin işlədiyi yerlərdən uzaq dursunlar. Heç kəs uşağının təzyiq, şiddət və zorakılıq görməsini istəmir. Ümid edirəm ki, aidiyyəti qurumlar bu bağça və müəllimlərlə bağlı tədbir görəcək”.

Məsələ ilə bağlı sözügedən uşaq bağçası ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 
Video Oynadıcı
 
00:00
01:09
Video Oynadıcı
 

RƏYLƏR