Prezident İlham Əliyev: “İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər”

OXUNUB: 1973 GÜNDƏM SİYASƏT
"Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin və digər şəhərlərimizin Baş Planı tərtib edilməlidir. Çünki əhalimiz artır, iqtisadi fəallıq, sənaye artır və artmalıdır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Prezident bildirib ki, ona görə növbəti illərdə çox düşünülmüş addımlar atılmalıdır.

"Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni, artan əhali bütün infrastruktura artan yük deməkdir - həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə. Ona görə siz işləri Baş Plan əsasında qurarkən mütləq perspektivi də nəzərdə saxlamalısınız, çünki əhalimiz bundan sonra da artacaq. Artımın da əsas səbəbi iqtisadi inkişafdır. İqtisadi inkişaf olmayan yerlərdə nadir hallarda əhali artır. Amma bizim iqtisadi inkişafımız bundan sonra da dayanıqlı olacaq. Ona görə bütün bu işlər bəri başdan hesablanmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

RƏYLƏR