Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərib

OXUNUB: 9116 Texnologiya
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov
- İnam müəllim, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan olunub.

- Hazırda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərib. Aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı işlər görülür, bu sahəyə dövlət dəstəyi gücləndirilir.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, yüksək iqtisadi artımın təmin olunması həyata keçirilən siyasətin əsas prioritetləridir. Bu istiqamətdə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi qarşımızda duran əsas vəzifələrdən biridir.

- Kənd təsərrüfatı innovasiyaların tətbiqinə daha uyğun sahələrdən biri sayılır. Azərbaycanda bu istiqamətdə hansı işlər həyata keçirilir?

- Ən vacib prioritet istiqamətlərdən biri də sözsüz ki, aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır. Aqrar innovasiyalar hər zaman bütün dünyada ərzaq təhlükəsizliyinin təmin olunması üçün ən böyük alət sayılıb. Çünki, innovasiyalar məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər. Ötən müddətdə imza atdığımız ən böyük innovasiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, kənd təsərrüfatında dronlardan istifadə, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin "Azərkosmos” vasitəsilə müəyyənləşməsidir. Bu gün ölkəmizdə Çin və türk texnologiyası əsasında pambıq becərilməsi həyata keçirilir. Aqrar sahəyə innovasiyaların tətbiqi, innovativ təşəbbüslərin dəstəklənməsi davam edəcək və Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.

- Ölkəmizdə aqrar islahatlar bu il də davam etdirilib. Bu islahatlardan ən mühümü aqrar sahədə yeni subsidiya mexanizminin yaradılmasıdır. Bu mexanizm fermerlərin sosial rifah halının yaxşılaşmasına necə təsir göstərəcək?

- Cənab Prezident tərəfindən iyunun 27-də imzalanmış "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman kənd təsərrüfatında dayanıqlı inkişafı təmin edəcək. Bu Fərmanın məqsədi  aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılmasıdır. Bildiyiniz kimi, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar elektron hökumət vasitəsilə veriləcək. Bununla əlaqədar ilin əvvəlindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilib. EKTİS Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyətində əsas götürdüyü fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini özündə birləşdirən ən böyük innovativ təşəbbüslərdən biridir. Bu təşəbbüsün reallaşması aqrar subsidiyaların verilməsində şəffaflığı təmin edəcək, kağız sənəd dövriyyəsini aradan qaldıracaq, fermerlərin dövlət dəstəyindən yararlanmasında insan faktorunu minimuma endirəcək. EKTİS-in tətbiqi nəticəsində subsidiyalar əvvəlki illərdən fərqli olaraq fermerlərə ilin sonunda deyil, əvvəlində veriləcək. Bununla da fermerlər ilin əvvəlində təsərrüfat xərclərinin bir hissəsini qarşılamaq imkanı əldə edəcəklər.

Artıq Cənab Prezidentin imzaladığı Fərmanın icrası ilə əlaqədar Aqrar Subsidiya Şurası yaradılıb. Yeni mexanizmə əsasən, subsidiyalar əkin, məhsul və toxum subsidiyası olaraq üç kateqoriya üzrə qruplaşdırılıb. Şura  2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını və əkin ehtiyaclarını müəyyən edib. Gələn ildən fermerlər subisdiyaları məhz Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallar üzrə alacaqlar. Misal olaraq qeyd edə bilərəm ki, əvvəllər fermerlər yalnız tədarük məntəqələrinə təhvil verdikləri pambığın çəkisinə görə subsidiya alırdısa, gələn ildən pambıq becərilməsinə görə həm əkin, həm məhsul subsidiyası alacaqlar. Bu, pambıqçılığın inkişafına dövlət dəstəyinin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Dövlət kənd təsərrüfatı məhsullarının ixrac potensialını gücləndirmək məqsədilə intensiv bağların salınmasında da maraqlıdır. Aqrar Subsidiya Şurası bu məqsədlə intensiv meyvə bağlarına veriləcək subsidiyalar üçün ən yüksək əmsal müəyyənləşdirib. Qərara əsasən, 2019-cu ildən başlayaraq, intensiv bağın salındığı ilk 4 il ərzində fermerə hər hektara görə 800 manat subsidiya ödəniləcək. Qərzəkli meyvə bağları üçün bu rəqəm 400 manat, üzüm bağları üçün 600 manatdır. Müəyyənləşən əmsallar fermerlərin xərclərinin böyük bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təmin edir, eyni zamanda dövlət subsidiya mexanizmi vasitəsilə konkret sahələrin inkişafını stimullaşdırır. Göründüyü kimi, təkcə EKTİS-in tətbiqi və aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması fermerlərə dövlət dəstəyini kifayət qədər gücləndirir.    

Bir məqama toxunmaq istəyirəm. Subsidiyaların elektron hökumət üzərindən verilməsi EKTİS-in yalnız bir funksiyasıdır. Bu sistem fermerlərə digər üstünlüklər də qazandırır. Fermerlərimiz zaman itkisinə yol vermədən, mobil telefon, planşet və masaüstü kompüter vasitəsilə sistemə daxil olub, ehtiyac duyduqları aqrar xidmətləri sifariş edə biləcəklər. 

Artıq ölkə üzrə 435 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaradıblar. İlin sonunda isə EKTİS-in tətbiqi ilə əlaqədar növbəti mərhələyə start verilib, sistemdə qeydiyyatdan keçmiş fermerlər öz payızlıq əkinlərini bəyan ediblər. Hazırda əkinlərin bəyan edilməsi prosesi davam edir, 280 mindən artıq fermer öz əkinlərini bəyan etmə prosesini yekunlaşdırıblar.

- Gələn ildən Azərbaycanda aqrar sığorta sisteminin də tətbiqinə başlanılacaq. Ölkəmiz üçün yeni olan bu sistemin hansı özəllikləri var?

-   Bu il Milli Məclis tərəfindən "Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və "Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrart sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin "Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək. Bu baxımdan aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının  inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır. 

- Kənd təsərrüfatına dövlət dəstəyi hər il genişlənir. Bu amil iqtisadi göstəricilərə necə təsir göstərir?

- Dövlət dəstəyinin gücləndiorilməsi sayəsində 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayıla bilər. Cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,1%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11.3%, heyvandarlıq məhsullarının istehsalı isə 3.2% artıb.

Yanvar-noyabr aylarında sahələrdən 3512.4 min ton taxıl yığılıb. Bu  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2171.5 ton buğda (+6,3%), 1015.5 ton arpa (+7,8%) və 259.4 min ton qarğıdalı (+14,4%) yığılıb.

Cari ildə 643.7 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 25,3% çoxdur. Ümumilikdə barama istehsalı üzrə əldə etdiyimiz göstərici son 21 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5.9 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3.3% çoxdur. 

2019-cu ilin yanvar-noyabr aylarında təxminən 993.8 min ton kartof (11.7% çox), 1637.6 min ton tərəvəz (13.2% çox), 1075.8 min ton meyvə və giləmeyvə (7.8% çox), 194.1 min ton üzüm (25.4% çox) istehsal edilib, 911.3 ton yaşıl çay yarpağı (4.9% çox) yığılıb, diri çəkidə ət istehsalı 2.8% artaraq 476.6 min ton, süd istehsalı 2.1% artaraq 1938.7 min ton təşkil edib.

- İnam müəllim 2019-cu il həm də Azərbaycanda pambıqçılığın inkişafı baxımından ən yaddaqalan illərdən biri sayıla bilər.

- Bəli, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri son illər yüksək templə inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsi ötən ilə nisbətən 32 min hektar azalsa da, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

2018-ci ildə Ağdam, Beyləqan və Zərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik zavod istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda tamamlanma işləri getməkdədir.

Cənab Prezident qarşımıza istehsalı məhz məhsuldarlığın yüksəldilməsi hesabına artırmaq hədəfi qoymuşdur. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. 2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb.

Eyni zamanda pambıqçılığın inkişafında müasir texnologiyalardan istifadə vacib sayılır. Bu il Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub. Gələn il pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər.

Cənab Prezident dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə qarşımıza yeni hədəflər qoyub və bu hədəflərə nail olmaq üçün tədbirlər davam etidirləcək.

- 2019-cu ildə aqrar sektorun infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

- Bu il Cənab Prezidentin iştirakı ilə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı olub. İnstitutun və yeni kompleksin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. İnstitut və onun tabeli qurumları tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur.

Bundan başqa, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Respublika ərazisində toxumçuluğun inkişaf etdirilməsi məqsədilə 5 rayonda Dənli Bitki Toxumlarının Emalı Zavodunun tikintisi həyata keçirilib. Daha belə bir zavod İsmayıllı rayonunun İvanovka kəndində inşa edilir. Bu zavodların inşası və istifadəyə verilməsi fermerləri yüksək keyfiyyətli, sertifikatlaşdırılmış toxumlarla təmin etməyə imkan verəcək.

Kənd təsərrüfatı İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi gələn il də davam etdiriləcək. 2020-ci ildə Ağstafa rayonunda yaradılmış "Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılmışdır. Qobustan rayonunda Heyvandarlıq Nümayiş Kompleksinin tikintisi də davam edir və kompleks gələn il istifadəyə veriləcək. Eyni zamanda Şamaxı rayonunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fillokseraya davamlı calaq-üzüm əkin materialının istehsalı üçün calaq kompleksi inşa olunur. İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşası nəzərdə tutulur. Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir. Növbəti il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

2020-cu ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur. Qeyd etdiyim kimi, 2020-ci ildə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin, yeni subsidiya mexanizminin və aqrar sığorta sisteminin tətbiqi istiqamətində mühüm işlər həyata keçiriləcək. Bundan başqa qarşımızda kənd təsərrüfatının bütün sahələrində intensiv inkişafı təmin etmək, məhsuldarlığı, ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq kimi vəzifələr var.

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi 2020-ci ildə də Cənab Prezidentin aqrar sahədə qarşımıza qoyduğu vəzifə və öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edəcək, verilmiş tapşırıqların icrası yüksək səviyyədə təmin olunacaqdır.
 İcmal.Az

RƏYLƏR