Qalib ölkə, yüksələn təhsil səviyyəsi və yeni çağırışlar…

OXUNUB: 75 SOSİAL
Müasir Azərbaycan tarixinin ən qiymətli dövrü olan 44 günlük Vətən savaşı 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının nəticəsizliyinə son qoydu. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, müqayisəyəolunmaz qəhrəmanlığı, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mətin xarakteri, dəmir iradəsi, müstəsna siyasi uzaqgörənliyi, xalqımızın ordumuz və dövlət başçısı ətrafında sıx birləşməsi və misilsiz həmrəylik nümayişi Vətən müharibəsinin Azərbaycanın qədim torpağı olan Qarabağın erməni işğalından azad olunması ilə başa çatmasına səbəb oldu. Düşmənin hərbi birləşmələri bütün xarici yardımlara baxmayaraq darmadağın edildi və bununla da Şuşada sərxoş halda rəqs edən N.Paşinyan, həmçinin əli xalqımızın qanına batmış Ermənistanın cinayətkar keçmiş rəhbərləri layiqli cavabını aldı.

Böyük zəfərlə başa çatan Vətən müharibəsi hər kəsə göstərdi ki, Azərbaycan Ordusu texniki təchizatına, peşəkarlığına, ruh yüksəkliyinə görə dünyanın ən qabaqcıl silahlı qüvvələrindən birinə çevrilib. Silahlı Qüvvələrimizin Qarabağda 44 günlük savaşda yaratdığı qəhrəmanlıq salnamələri bir daha xalqımızın işğalçılara necə nifrət bəslədiyini və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün tarixi savaşı həsrətlə gözlədiyini göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəman ordumuza rəhbərlik etməklə yanaşı, həm də mükəmməl informasiya savaşı apararaq bütün sahələrdə işğalçı Ermənistana sarsıdıcı zərbələr vurdu. Cənab Prezident Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna verdiyi müsahibədə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafi etdi, eyni zamanda ermənilərin böhtan və iftira ataraq beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərinin qarşısını aldı. Prezident İlham Əliyev  bununla bir daha sübut etdi ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir, bizimlə təzyiq və təhdid dili danışmaq mümkün deyil. Müzəffər Ali Baş Komandanın noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı sevindirici xəbəri xalqımıza çatdırarkən çıxışında bildirdi ki, O, həm də Ulu Öndərin Heydər Əliyevin arzusunu yerinə yetirdi.
 
Fevralın 26-da, dəhşətli soyqırımın 29-cu ildönümündə Prezident İlham Əliyevin 4 saatdan çox davam edən yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə qədər sualını yüksək peşəkarlıq, həmçinin heyrətamiz bilik və bacarıq nümayiş etdirərək cavablandırdı. Müzəffər Ali Baş Komandanın Azərbaycan həqiqətlərini, eyni zamanda regionda yaranmış yeni reallıqları və təhlükəsiz  gələcəyin əsas nüanslarını medianın diqqətinə çatdırdığı bu mətbuat konfransı Azərbaycanın mövqeyini daha da gücləndirdi.
2020-ci il başlayar-başlamaz dünya miqyaslı fəlakət miqyası alan COVID-19 virusunun pandemiyaya çevrilərək qlobal təhdidə dönməsi bütün ölkələr kimi Azərbaycanda da ciddi narahatçılıqlar yaratdı.  İlk günlərdən etibarən Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizənin istiqamətləri müəyyən olundu və genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ciddi karantin rejiminin tətbiq olunması, onlarla xəstəxananın COVİD-19 viruslu xəstələr üçün ayrılması, modul tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi kimi digər zəruri tədbirlər Azərbaycanın pandemiyaya qarşı effektiv mübarizə aparan dövlətlərdən biri olduğunu göstərir.
Azərbaycan dövləti eyni zamanda pandemiya ilə əlaqədar karantin rejiminə görə çətinliklərlə üzləşən vətəndaşlar üçün bir neçə milyardlıq sosial-iqtisadi yardım paketi ayırdı. Önəmli vergi güzəştləri edildi. Bu paket, ilk növbədə əhalinin sosial cəhətdən həssas qruplarını və  mikro sahibkarları əhatə edir. Bu günə qədər 3 milyona yaxın ölkə vətəndaşı test olunub.
COVID-19 pandemiyasına qarşı aparılan bütün mübarizə tədbirlərinə rəğmən insanın özünü birmənalı şəkildə sığortalanmış hesab etməsi mümkün deyil. Ona görə də, dövlət vətəndaşın sağlamlığı naminə daha təsirli addımlar atmağa, vaksinasiyaya başlayıb.
Sevindiricidir ki, Cənubi Qafqazda vaksinasiya işlərinə ilk başlayan ölkə də Azərbaycandır. Azərbaycan 4 milyon doza Çin istehsalı olan vaksinin gətirilməsini təmin edib.  Azərbaycan COVAKS təşəbbüsünün üzvü kimi bir neçə vaksin istehsal edən şirkətlə müqavilə imzalayıb və bundan sonar da ölkəmizə müxtəlif vaksinlərin gətirilməsi təmin olunacaq. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir.
Bütövlükdə pandemiya dövründə insanların sağlamlığının qorunması üçün qəbul edilən qərarlar, atılan addımlar dövlətimizin vətəndaşların sağlamlığı məsələsində prinsipial mövqe tutduğunu aydın şəkildə göstərir. Hesab edirəm ki, insanlarımız da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməyə davam etməli, məsuliyyətli olmalıdırlar. Yalnız bu halda əldə edilən nəticələri qorumaq və bu qlobal bəla ilə vidalaşmaq mümkün olacaq.
1919-cu ildə yaradılmış və ölkəmizdə indiyədək on minlərlə ixtisaslı kadr hazırlayaraq təhsilin inkişafına əhəmiyyətli töhfə verən ADPU-nun nəzdində  Azərbaycan Dövlət Pedaqoji Kolleci də istər Vətən müharibəsi günlərində, istərsə də koronavirus pandemiyası ilə mübarizədə fəallığı ilə seçilib. ADPK-nın 12 tələbəsi 44 günlük Vətən müharibəsinin iştirakçısı olaraq düşmənə qarşı mərdliklə vuruşub və torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına öz töhfələrini, müqəddəs borclarını veriblər.
Kollecin tələbələrindən Zahir Fərəczadə, Ümid Qocayev və Həsən Məmmədov "Cəsur Döyüşçü” medalı, Əzizov Rəhman isə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Müqəddəs savaşda iştirak edən hər bir vətən övladı kimi bu tələbələrimizlə də fəxr edir, onlarla qürur duyuruq.
ADPK-nın tələbələri içərisində ali zirvəyə çataraq şəhid olan şəxslər də var. Birinci Qarabağ savaşında 7, ikinci Qarabağ savaşında isə Kollecin 3 tələbəsi və məzunu qəhrəmancasına şəhid olub. Onların məqəddəs ruhları qarşısında baş əyirik!
Yanvarın 8-də ADPK-da şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılan "Qəhrəmanlıq Zirvəsi” auditoriyasının açılışı keçirilib. "Qəhramanlıq Zirvəsi” auditoriyasında vaxtı ilə Kollecin tələbəsi olan  şəhidlərimizin xatirələrini əks etdirən stendlər quraşdırılıb.
ADPK-nın direktoru, dosent İsrayıl İsgəndərovun rəhbərliyi ilə qısa müddətdə Kollecdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, tədrisdə müasir texnologiyaların tətbiqi, təlim-tərbiyə işinin təşkilində yeni yanaşmaların tətbiq olunması, elmi-kütləvi və mədəni tədbirlərin həyata keçirilməsi, tədris metodiki materialların hazırlanması, nəşri və digər sahələrdə önəmli nailiyyətlər əldə olunub. Kollecin pedaqoji kollektivinin üzvləri davamlı olaraq Təhsil Nazirliyinin Dövlət Proqram və layihələri çərçivəsində həyata keçirdiyi müxtəlif tədbirlərdə, o cümlədən də seminar və treyninqlərdə yaxından iştirak edirlər. Hazırda kollecdə 7 ixtisas üzrə 4800-ə yaxın tələbə subbakalavr dərəcəsi üzrə təhsil alır. Bu tələbələrin təhsili ilə 270 müəllim, 135 inzibati və tədris-köməkçi heyəti məşğul olur.

COVID-19 pandemiyası ilə əlaqədar tələbələrin və Kollecin əməkdaşlarının sağlamlığın qorunması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə dərslər ötən ildən etibarən onlayn rejimdə keçirilir. Tədris prosesi 2020-ci ilin mart ayından etibarən "ZOOM”, " Microsoft Teams” platformaları vasitəsi ilə təşkil olunur. 2021-ci ilin  fevral ayından isə müəllimlərin "Moodle” tədris platformasından istifadə qaydaları ilə tanış olması üçün təlimlərə başlanılıb. Bu onlayn platformanın üstünlükləri tələbələrə dərslərin məsafədən keçilməsinə daha effektiv və əlverişli imkan yaradır.
Kollecdə interaktiv təlim metodlarına əsaslanan seminar və açıq dərslərin, milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, elmin təbliğinə həsr olunan tədbirlərin keçirilməsi də bu qədim ənənələrə malik təhsil müəssisəsinin fəaliyyətində önəmli yer tutur. ADPK-nın zəngin maddi-texniki bazası – müasir texniki avadanlıqlarla təchiz edilmiş kabinetləri, akt zalı, idman zalı, 100 000 minə yaxın kitab fondu olan zəngin kitabxanası, arxivi, yeməkxanası burada çağdaş dövrün və təhsil islahatlarının tələblərinə uyğun şəkildə təlim və tərbiyə prosesini uğurla qurmağa imkan verir. Bir sözlə zəngin ənənələrə sahib olan Azərbaycan Dövlət Pedaqoji Kolleci bu gün Azərbaycanın xoşbəxt gələcəyi üçün yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirir.

Nazənim Nəbiyeva
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi

RƏYLƏR