"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

OXUNUB: 756 İDMAN

"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

7NEWS.Az-ın məlumatına görə, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün startından etibarən topa nəzarəti ələ keçirən "köhlən atlar” rəqibi öz qapısına doğru sıxışdırmağa başlayıb. İlk təhlükəli epizodu da qonaqlar yaradıblar. Amma 18-ci dəqiqədə baxımlı hücumu məntiqi sonluqla başa çatdırmaq mümkün olmayıb. Riçard Almeydanın zərbəsi qapının üstündən keçib. Az sonra Abdullah Zubir bir rəqibini keçib "çərçivə"ni yoxlasa da, top Artur Rudkonun üstünə gedib. 23-cü dəqiqədə oyunda maraqlı hadisə baş verib. Top "Qarabağ”ın futbolçularında olarkən meydana quş daxil olub. Bunu görən qapıçı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib. Təhlükəsizlik xidmətinin əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib. 35-ci dəqiqədə Kadi Borgesin cərimə meydançasının kənarından zərbəsi təhlükəli alınsa da, top hədəfdən bir qədər yayınıb. 41-ci dəqiqədə isə hesab açılıb. Meydan sahiblərinin birinci hissədəki yeganə təhlükəli hücumu qolla nəticələnib. Mikael İshak sağ cinahdan iti ötürməni bir toxunuşla qapıdan keçirib. "Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

İkinci hissə də Azərbaycan çempionunun hücumları ilə başlayıb. 47-ci dəqiqədə İbrahima Vadjinin iti bucaq altında endirdiyi zərbəni Rudko zərərsizləşdirib. Poznan təmsilçisinin buna cavabı isə daha təhlükəli alınıb. Lakin İshak hava ilə ötürülən topa toxuna bilməyib. İsveçli hücumçu 60-cı dəqiqədə növbəti dəfə azarkeşləri həyəcanlandırıb. Bu dəfə isə ona Məhəmmədəliyev mane olub. 62-ci dəqiqədə Qurbanov 3 əvəzetməyə əl atıb. 50 yaşlı mütəxəssis Almeydanı yeni transfer Marko Yankoviçlə, Leandro Andradeni Filip Ozobiçlə, Vadjini isə Ramil Şeydayevlə əvəzləyib. 67-ci dəqiqədə əvvəlcə qapıçı, ardınca isə Yankoviç "Qarabağ”ı 2-ci qoldan xilas edib. 72-ci dəqiqədə Zubir hesabı bərabərləşdirə bilərdi. Lakin onun zərbəsini Rudko barmaqlarının ucu ilə dəf edib. Az sonra Şeydayev rəqib müdafiəçinin kobud səhvindən sonra fərqlənmək şansını boşa verib. Ayağı sürüşən hücumçu topa çata bilməyib. 82-ci dəqiqədə Ovusu Kvabena və Toral Bayramov meydana daxil olublar. Onlar müvafiq olaraq, Kadi Borges və Elvin Cəfərquliyevi əvəzləyiblər. Matçın sonlarında ilk hissədəki hadisə təkrarlanıb. Meydana daxil olan quşu bu dəfə rəqib qapıçı kənara çıxarıb. Son dəqiqələrdə Məhəmmədəliyev ayağından zədələnib. Lakin əvəzetmə limiti tükəndiyi üçün Azərbaycan millisinin qapıçısı oyunu axsayaraq bitirib.

Beləliklə, "Qarabağ" futbolçularının səylərinə baxmayaraq, hesabı bərabərləşdirmək mümkün olmayıb və Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk görüşdə Polşa çempionuna uduzub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

RƏYLƏR