"Qaranlıqda bir oğlan ağzımı yumdu..." - 2 bacının 10 illik bomj həyatı - VİDEO

OXUNUB: 1044 SOSİAL

"Bax, bəzi gecələr burada qalmışıq. Bir gün dəhşətli çovğun olmuşdu. Yan dükanda işləyən qadın isti corab, yun şal verdi. İndi o dükan gözümə dəymir, girib bir təşəkkür edərdim"- deyə himayəçisi Leylaya əli ilə Qaraçuxur məscidinin yanındakı balaca bir oyuğu göstərir. Sonra əlavə edir: "Bacımla gecələmək üçün məscidə getmişdik, icazə vermədilər. Biz də küçədə gecələdik. Ehhh, bizim qalmadığımız küçə yoxdur..."

İcmal.Az..Az qazinfofqa-ya istinadən xəbər verir ki, 10 il Amazon cəngəlliklərində və bir gün Bakı-Sumqayıt gecələrində qalmaq desələr hansını seçərdiz? İki yalqız qadın, qaranlıq küçələr, gözüdönmüş cibgirlər, küçələrdə dolaşan içkili şəxslərin hənirtisi, hər dalanda, hər qaranlıq bucaqda ayrı bir qorxu... Sadaladıqca vahimə basır insanı. Bir qadın olaraq gecə saat 00:00-ı göstərdikdən sonra Bakı küçələrində dolaşmağın nə olduğunu bildiyim üçün mən birincini-Amazon cəngəlliklərini seçərdim. İndi təsəvvür edin ki, 10 il müddətində hər gün eyni gecəni yaşamaq nə deməkdir... Hələ çovğununa, şaxtasına, leysanına sözucu toxunuram.

Qəhrəmanım Bakının həm gecəsini, həm gündüzünü görmüş, həyatın hər halına qalib gəlmiş Elmira Axundovadır. Bu dəfə bədii qiraət vərdişimdən yola çıxıb, yazımın sonluğunu elə başda deyirəm ki, nigaranlıq olmasın. Yazıda oxuyacağınız bütün çətinliklərə baxmayaraq Elmira xanımın həyat hekayəsi müsbət tamamlanıb. 

Bu müsbət sonluğun da səbəbkarları var: Dayaq könüllüləri. Əslində onların gördüyü işlər haqqında çox danışmaq olar, növbəti yazılarımda da buna xüsusi yer ayıracağam. Bu dəfə sadəcə onu deyirəm ki, aylıq məvaciblərindən 20-50 manat ayıran bu gənclər, gözləmədikləri anda insanların həyatını dəyişir. Elə Elmira xanım kimi.

Elmira və Almaz bacıları qarlı qış günündə Sumqayıtda yerləşən binaların birinin blokunda tapılıb. Onlardan pis qoxu gəldiyi üçün blokda qalmalarını istəməyən qonşular üzərlərinə soyuq su atıblar. Bir tərəfdən şaxta, bir tərəfdən də islanmış paltarların verdiyi titrətmə ilə bir küncə qısılan bacıları son anda könüllülər blokdan xilas edib. Könüllülərdən olan Cənnət Məhərrəmov həmin gündən danışır:

"Nə yalan deyim, qorxudan yanlarına yaxınlaşmaq olmurdu. Sədrimiz maşınına mindirib apardı, yuyundular, yeni paltarlar verildi, qarınları doyuzduruldu. Almazın vəziyyəti ağır olduğu üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yatızdırdıq, Elmiraya isə özümüz baxmaq qərarına gəldik".

Axundovlar iki bacı, bir qardaş olub. Anaları rəhmətə gedəndən sonra qardaşı arvadı gün verib, işıq verməyib. Atalarının ölümündən sonra isə qardaşı tərəfindən sözün əsl mənasında küçəyə atılıb. Və onlar üçün dəhşətli 10 il başlayıb.

Elmira: - Bəlkə mənim əvəzimə sən danışasan? Arxadan o səs qulağıma danışanda fikirlərim yayınır.

Leyla: - Heç nə olmaz, sən bizimlə danış. Qulaq asma ona.

Yəqin ki, Leyla xanım söhbətin nədən getdiyini bilmədiyimiz üçün təəccüblə onlara baxdığımızı görür ki, bizə tərəf çönüb pıçıldayır:

"Hansısa şərəfsizə görə çox ağır bir travma alıb. Həmin hadisədən sonra şizofreniya əlamətləri var. Həyəcanlananda qulağına səs gəlir. Həmin şəxsin qulağına danışdığını eşidir və onun dediklərini təkrarlayır. Çox sakit qadındır, ancaq həmin səsi eşidəndə birdən dəyişir, aqressivləşir. Söhbətinizdə də o məqama toxunmamağınızı xahiş edirəm. Həm də hadisəni hələ unuda bilməyib".

Artıq hər şeyi anladıqdan sonra Elmira xanımla söhbətimizə başlayırıq:

Eybi yoxdur, qulağınıza səs gəlsə, narahat olmayın. Biz sadəcə söhbət edirik, elə başlayaq 10 il əvvəldən.

- Atam rəhmətə gedəndən sonra qardaşım evi satdı, biz də qaldıq küçələrdə. Mən də, bacım da 30 ildən çox işləmişik. Düzü, ağlımıza gəlməzdi ki, nə vaxtsa, başımıza belə bir hadisə gələr. Çətindir. Hələ gecələr lap çətin olur. Gecəm-gündüzüm olmayıb. Həmişə ayıq qalmağa çalışırdım ki, birdən indi kimsə gələr.

Mən soruşmağa çəkinsəm də, özü bayaq Leyla xanımın bəhs etdiyi o gündən danışır: 

 

"Qaranlıq idi, bir uzun oğlan gəlib ağzımı yumdu. Ondan sonra mən birtəhər oldum..." Bu həssas mövzu davam etdikcə Elmira xanımın vəziyyətinin dəyişdiyini görüb yenidən bayaqkı söhbətimizə qayıdırıq".

Sizi daha çox kim incidirdi?

- Qorxudanlar kim, daşlayanlar kim. Qadınlar bizi qaldığımız yerlərdən qovalayırdı. Uşaqlar da daşa basırdı. Başımıza çox işlər gəlib. İndi bəzilərini danışa bilirik, bəzilərini yox. Danışdığım zaman həmin hadisələr gözümün önünə gəlir, pis oluram. 1985-ci ildə anam rəhmətə getdi və o gündən bu yana gün üzü görməmişik. 

10 il elə də asan olmadı, ancaq yaxşılıqlar da görmüşük. Biri yemək verirdi, biri pul təklif edirdi. Düzdür, biz zəhmətkeş olmuşuq, heç vaxt dilənmədik. Bacardığımızı edib, qəpik-quruşumuzu qazanırdıq. Ac-susuz olduğumuz üçün çox vaxt halımız olmurdu. Ona görə də daimi iş tapa bilmədim. O vəziyyətdə mən necə süpürgəni əlimə alıb haranısa süpürə bilərdim? Heç halımıza baxıb süpürtdürən də olmazdı.

Bəs geyim, hamam ehtiyaclarınız necə?

- Kim bizi hamama aparar? Bu 10 ildə yeni geyim, hamam nədi bilmədik. Bizi blokdan götürdükdən sonra çimizdirdilər, əynimizi dəyişdik.

Demək olar ki, yenidən həyata qovuşmusuz. Hansı arzularınız var?

- Arzum çox olub bu illərdə, amma çoxu alınmayıb. Əsas hamı kimi yaxşı yaşamaq istəmişəm. Hə bir də ailə...

Leyla xanımla Elmiranı isə çətin həyat yolları birləşdirib. Tolstoy demiş, bütün xoşbəxtlər eyni cür xoşbəxtdir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir. İndi onların da hərəsinin bir həyat hekayəsi var. "Dayaq" bu iki qadını da himayəyə götürüb. Elmira üçün kirayə ev tutub və hər ay ərzaqla təmin edib. Ancaq nümayəndələr hər dəfə gedəndə görüblər ki, duzundan tutmuş suyuna kimi qonşular istifadə edir, Elmira üçün bir ərzaq qalmırmış. Belə olan halda Leyla xanım onu himayəyə götürmək qərarına gəlib və hər ikisi üçün ev tutulub. Hazırda Leyla xanım işə çıxmağa hazırlaşır və artıq bütün xərcləri öz üzərinə götürüb:

"Biz tanış olanda çox ürkək idi. Demək olar ki, danışmırdı. İndi hər işini özü görür, axşamlar gəzməyə də çıxırıq. Mənim başım qarışıq olanda lap körpəmə də baxır. 10 il küçələrdə qalmağın nəticəsi olaraq xeyli xəstəlikləri var idi, indi dişini düzəltdiririk, bircə zobu qalır. Onu da həll edərik".

Qəhrəmanım müsahibə boyu hər verdiyim suala "mən savadsız qadınam, nə danışa bilərəm axı?"! cümləsi ilə giriş etsə də, sonradan məlum oldu ki, özü də, bacısı da universitet bitirib, 20 ildən çox iş fəaliyyəti var.

Yanından ötüb keçdiyiniz bomjlara hərdən bir diqqət edin. Onların da hər birinin öz hekayəsi var, ancaq, əfsuslar olsun ki, çox az hissəsinin hekayəsinin sonluğu Elmiranınkı kimi müsbət tamamlanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
2 bacının 10 illik bomj həyatı

İcmal.Az

RƏYLƏR