QÜDS ŞƏHƏRİ - Elgün Quliyev yazır

OXUNUB: 1866 KÖŞƏ

İnsan dünyaya kef çəkməyə, istirahət etməyə gəlməyib. Bəşər övladı mahiyyət etibarı ilə həmişə yoldadır. Bu yol ana bətnindən başlayıb, insanın dünyaya gəlməsi, körpəliyi, uşaqlığı, yeniyetməliyi, gəncliyi, qocalığı və ən sonda qəbir həyatı ilə tamamlanıb, oradan da axirət həyatına adlayır. Bu yolçuluq prosesi uzaqdan göründüyü qədər də asan deyil. İnsan bu proses boyu dəfələrlə nəfsinin arzu və qorxularına yenilərək, varlığının həqiqi mahiyyətindən uzaqlaşır. Dünyada mənəvi sıxıntılardan uzaq, arın-arxayın, huzur dolu bir həyat yaşamaq heç bir Allah bəndəsinə nəsib olmayıb. Bunun səbəbi yenə də nəfslə əlaqədardır. Ana bətnində ruh və bədənə sahib olan insan, uşaqlıq illərindən əqli inkişaf fazasına keçir və bu zamandan etibarən böyüyən eqonun müşayiəti ilə yoluna davam edir. Eqo sisteminin hərəkətverici qüvvəsi Arzu və Qorxulardır. Daima istəklərinin arxasınca qaçan, güc, həzz, sevgi, uğur, elm sahibi olmaq istəyənbəşər zaman-zaman bu sadaladıqlarımızı əldə etməkçün insana xas olmayan davranışlara da qol qoyur və qoymaqdadır. Dünyada ölkələrin, şəhərlərin, kəndlərin, növbənöv əşyaların var olmasının da səbəbi bu arzu və qorxulardır. İnsan bu istək və qorxuları idarə edə bildiyi müddətdə heç bir maneə ortaya çıxmır. Arzu və istəklər sənə hökm etməyə başladıqda isə hər şey alt-üst olur. Təsəvvür edin insan eqosunun təhriki ilə özünə bir torpaq parçası belləyir, o yeri "mənimdir!” nidası ilə sərhədləyər, onu itirməməkçün özünə "ordu” yaradar, ordunun ehtiyaclarını qarşılayar, yenə də öz qorxularını yatırtmaqçün ordunun vasitəsi ilə xalqdan vergi toplar, istəkləri yolunda xalqdan istifadəni də gözə alar və s. Bu kontekstdə mövzu obyektimiz siyasət, din, çoğrafiya olmadığı üçün çox xırdalıqlara varıb vaxtınızı almaq istəmirəm. Fəqət son zamanlarda dünya ictimaiyyətinin diqqətində Qüds mövzusu durur. Qüds – kiməsə görə müqəddəs, kiməsə görə paytaxt şəhər, kiminə görə bir parça qaramat, kiminə görə tarixi məkan, kimisinə görə isə sadə bir torpaq parçasıdır. Bizim bu dünya yolçuluğunda yönələcəyimiz, varmaq istədiyimiz hədəf olmalıdır. Yəni əslində müqəddəs olan da, önəmli, qalıcı olan da, könlümüzün paytaxtı, varmaq istədiyimiz hədəf də - Allahdır. Biz Allaha gedən bu yolda ağırlıqlardan arınmaq əvəzinə, getdikcə daha da yüklənirik. Dünyanın məkanlar, əşyalar, maşınlar, ofislər, həzlər, əyləncələr məscidlər, kilsələr və s. dən ibarət olduğunu zənn edərik. Bu sadaladıqlarımızın hamısı əsl qaynağa gedən yolda istifadə etdiyimiz müvəqqəti vasitələrdir. Bir zamanlar Həzrəti İbrahim (ə. s.) xanımı Həcər ilə bərabər xaosun hökm sürdüyü, ərəb qitəsindən, arzu və qorxulardan uzaq, susuz və bitkisiz dağlıq bir bölgədə məskunlaşdı, burada Məkkəni inşa etdi. Bu kimsəsiz, adam ayağı dəyməmiş, quraq bölgə insanların arzu və qorxularından (savaş, təcavüz, oğurluq, bəla, sahiblənmə, qısqanclıq, həsəd, şiddət və yalandan) uzaq, əmin-amanlığın hökm sürdüyü bir məkan oldu. Fəqət vaxt keçdikcə ərəblər də buralara köçməyə, öz arzu və qorxuları ilə (sahiblənmə, ticarət) bu ərazidə yaşamağa başladılar. Qüds də ərəb torpaqlarında var olan bütün dinlərin ortaq rəvayətlərini özündə cəm edən bir yerə çevrildi. Dinindən asılı olmayaraq yenə bütün insanlar xətaya yol verib, hədəfə yönələn vasitələri mütləq zənn edib, müvəqqəti olanlar uğrunda savaşırlar. İllər boyu bütün dinlər siyasət maskası altında insanların hislərini alət seçərək öz kirli məqsədlərini həyata keçirdiblər. Bu gün dininin tələblərinə riayət etməyən insanlar belə söhbət mövzusu Qüds olunca, mühakimə yürütməyə başlayır. Bunun səbəbi kütlə psixologiyası – sadə dillə desək, sürüdən ayrı düşməmək cəhdidir. Hər insanın məkanı öz daxilindədir. Hər bir şəxs öz mənəvi dünyasının sərhədlərini tanımalı, öz müqəddəs olan ruhunu rəhbər tutaraq yoluna davam etməlidir. Burada həqiqət pəncərəsindən həyata boylananda zahiri yox, batini Qüdsü görə bilmək önəmlidir. Müsəlmanların öz daxillərindəki, varlıqlarındakı müqəddəsi görəbilmələri çox vacibdir. İçimizdəki Qüds eqolarımız tərəfindən paytaxt elan edilibmi? Bax buna diqqət yetirməliyik. Belə olan təqdirdə eqosuna əsir olmuş insan (lar) həccə getsə də, ziyarətini zahirən tamamlamış olacaq və zaman-zaman nəfsi yenə ona günah işlətdirəcək. Bu da bir aktyorun qrimlənib rol oynaması kimidir, üzündəki boyaları silincə yenə günahlar dəryasında qərq olacaq. Halbuki, bir insan həm daxilən və həm də zahirən öz həccini tamamlamalıdır. Məkkədə insanlar həqiqi inancını itirdiyi üçün Kəbəni 360 bütlə doldurmuşdu. Məhəmməd peyğəmbər (s. ə. s.) Məkkəni təmizləməyə çalışmadı. O əvvəlcə insanları xilas elədi, sonra isə Kəbəni abad elədi. Zahirən Kəbə, daxilən ürəyimiz Allahın evidir. Qəlbimizdə Allah qərar tutursa, onda bu ürəyi təmiz saxlamalıyıq. Biz insanların nəfsimizi təmiz saxlamağa ehtiyacımız var. İçimizdəki bütləri yıxmalı, saf sevgiyə, mərhəmətə qucaq açmalıyıq. İnsan bu dünyada kim olduğunu, haradan gəlib hara getdiyini, gedərkən cahana hansı pəncərələrdən baxdığını, hansı istək və qorxuların əsiri olduğunu bilməsə onun daxili məkanı əmin, rahat bir yer olmayacaq. İçində xaos daşıyan insan (lar) dünyaya da daxilindəki xaosun qucağından baxacaq və baş verən hər şeyə neqativ yanaşacaq. Çünki hamının zahiri batinin davamı, tamamıdır. Həyata həqiqət cığırından yol almaq lazımdır (istək və qorxularsız). İçimizdəki xaotik və saxta gerçəyi əlimizdə bayraq tutub həyatımızı idarə etməyə çalışsaq, yanılar, əsl hədəfimiz olan rahatlıq məkanına pərişan və ləkələnmiş halda gedib vararıq. Təbii ki orada bizi təmizləyəcəklər, belə kirli-kirli o məkanı dolaşmayacayıq ki... Amma ora təmiz gedəbilənlər necə də bəxtəvərdilər...

Elgün Quliyev

Ekspert Psixoloq, Pedaqoq

RƏYLƏR