"“Qismət-M HOUSE” MMC tərəfindən heç bir kompensasiya ödənmədən evim və obyektim sökülüb"

OXUNUB: 708 HADİSƏ
"Mənə məxsus bütün əmlak, mənzil və qeyri-yaşayış sahəsi "Qismət-M HOUSE” MMC tərəfindən heç bir kompensasiya ödənmədən tamamilə sökülüb”. 

Bu iddia ilə "Qafqazinfo”ya vətəndaş Xatirə İsmayılova müraciət edib.

Onun sözlərinə görə, vətəndaşa məxsus olan və hazırda yaşadığı Bakının Nizami rayonu, R.Rüstəmov küçəsi, bina 24 ünvanında yerləşən 2 nömrəli mənzilin şirkət tərəfindən söküləcəyi haqda xəbərdarlıq alsalar da, buna razılıq verməyiblər. Lakin MMC tərəfindən heç bir səlahiyyətverici sənəd olmadan, etirazlara məhəl qoyulmadan söküntü işlərinə başlanılıb: "Mənzilin 2 otağı tam olaraq şirkət tərəfindən sökülüb və orada yaşamaq mümkünsüz vəziyyətə gəlib. Qeyd edim ki, həmin hissədə qeyri-yaşayış sahəsi də var idi və aylıq olaraq oranı 800 manat qarşılığında icarəyə verirdik. Artıq ötən ilin avqust ayından etibarən oranı da yarısökülü vəziyyətə gətiriblər və giriş-çıxış tamamən məhdudlaşdırılıb. Dəfələrlə əmlakın əvəzində "Qismət-M HOUSE” MMC tərəfindən təkliflər irəli sürülsə də, MTK hər dəfə bir bəhanə ilə razılığın şərtlərini pozub. Sonuncu dəfə 15 gün əvvəl MTK ilə sökülmüş mənzilin və qeyri-yaşayış sahəsinin əvəzinə yeni mənzil verilməsi barəsində razılığa gəldik. Razılığın şərtləri belə olub ki, MTK əmlakın əvəzində iki 95 kv.m və 54 kv.m-lik mənzil verməlidir. Bu təkliflə razılaşsaq da, MTK dəfələrlə etdiyi hərəkətlərlə təklif şərtlərini pozub. Həmin mənzildə uzunmüddətli yaşamaq istədiyimizi bildirsək də, məhdudiyyəti aradan qaldırmaq tələbimizi yerinə yetirməyib və əksinə mənzili tamamən söküb”.

Sakinin sözlərinə görə, bu məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə "Qismət-M HOUSE” MMC-yə hər hansı səlahiyyətverici sərəncamın verilməsi ilə bağlı müraciət də ediblər: "İcra Hakimiyyəti həmin səlahiyyətverici sənədi bizə təqdim etməyib və hətta özü şirkətin mövqeyindən çıxış edərək, təkliflər edib. Hansı ki, bu təkliflər də hamısı bizim maraqlarımızı əks etdirməyən, yalnız qarşı tərəfin maraqlarını qoruyan ədalətsiz təkliflər olub”.


Məsələ ilə bağlı "Qismət- M HOUSE" MMC-yə sorğu ünvanladıq. Şirkətdən müraciətimizə cavab olaraq bildirildi ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 32 və 24 saylı köhnə bina sakinləri ilə müqavilələr bağlanılıb və onlar mənzillərindən kirayəyə köçürülüb: "Şirkətimiz hər ay köçən sakinlərə görə 71 000 manat vəsait xərcləyir və tikintinin vaxtında başa çatdırılması sakinlərdən çox bizim marağımızdadır. Bina № 24-ün 2 saylı mənzilinin sahibinin adından ofisimizə 2022-ci ilin ortalarından Murad adlı şəxs müraciət edib, sonralar isə Hüseynli Rza İsmayıl oğlu danışıqlar aparıb. Rza Hüseynli 2 otaqlı 44 m2 mənzilin əvəzinə şirkətimizdən 3 ədəd 2 otaqlı, yəni 138m2 mənzil tələb edib. Biz isə ona digər sakinlərə olduğu kimi 1 ədəd 76 m2 -lıq 2 otaqlı təmirli mənzil, 46 m2 zirzəmiyə görə isə binanın -2-ci mərtəbəsində eyni ölçülü zirzəmi təklif etmişik. O isə zirzəmi sahəsinə görə bizdən 1 otaqlı 54 m2 mənzil istəyib. Onu da diqqətinizə çatdırırıq ki, zirzəmi sahəsi 2022-ci ildə özəlləşdirilib, bayırdan qapısı olmayıb və həmin zirzəmiyə binanın pilləkən meydançasının altındakı 1,3 metr hündürlüyü olan ümumi istifadəli qapıdan daxil olmaq mümkün idi”. 
Ətraflı

Şirkətdən verilən məlumata görə, köçən sakinlərin tikintinin yubanması iradlarını nəzərə alaraq 24 nömrəli binanın söküntüsünə qərar veriblər: "Bu zaman Xatirə İsmayılovanın binanın baş hissəsində 1-ci mərtəbəsində yerləşən mənzili və zirzəmisinə toxunmadıq. Bundan sonra da onnun vəkili ilə ofisimizdə görüşdük və o tələb etdi ki, mənzilə girişə şərait yaradılsın. Onun bu tələbini icra edən şirkətimizin sifarişi ilə söküntü işlərini həyata keçirən şəxsin operatorunun ehtiyatsızlığı ucbatından 2 mərtəbə kimi saxlanılan həmin mənzil olan sahə qəzalı vəziyyətə düşdü”. 


"Qismət- M HOUSE" MMC-dən o da bildirilib ki, vətəndaşın iddialarının bir çoxu reallığı əks etdirmir: "Belə ki, 2 otaqlı mənzil ictimai-iaşə (qadın salonu) kimi istifadə olunub və orada Xatirə İsmayılova heç vaxt yaşamayıb. Mənzilin altındakı 2022- ci ilin ortalarında özəlləşdirilən zirzəmiyə bayırdan giriş olmayıb. Zirzəminin qeyri-yaşayış sahəsi kimi ayı 800 manata kirayəyə verilməsi də yalandır. Həmin zirzəmidən mənzilin anbarı kimi istifadə olunub. Qadın salonu kimi fəaliyyətdə olduğu son 1 il müddətində şirkətimiz də yaxın ünvanda yerləşdiyinə görə salonun aylıq gəlirindən məlumatlıyıq. Buna baxmayaraq, vəkilə həmin binanın digər 2 otaqlı mənzil sahiblərinə təklif olunan 400-450 manat aylıq kirayədən daha çox aylıq kirayə haqqı təklif olunub”.

Şikayətlə bağlı Nizami Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov küçəsi, K.Balakişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi müvafiq Sərəncama əsasən istismar müddətini başa vurub. Müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Qismət-M House” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb. Nəzərinizə çatdırırıq ki, sözügedən zirzəmi sahəsi tikinti ilə bağlı aidiyyəti qurumlar tərəfindən qərar qəbul edildikdən və tikinti işlərinə başlanıldıqdan sonra 2022-ci ildə özəlləşdirilib. Tikintisi nəzərdə tutulan binaların bütün hüquqverici və tikintiyə icazə sənədləri tam qaydasındadır”.

Qurumdan verilən məlumata görə, hazırda "Qismət-M House” MMC tərəfindən tikintisi aparılan binalarda Fövqəladə Hallar Nazirliyinin söküntüyə icazəsi əsasında söküntü işləri aparılmaqla ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş layihəyə əsasən, Baş planda göstərildiyi 9, 10 və 22 saylı binalar üzrə Komitə tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq icazə sənədlərinə əsasən işlər davam etdirilir.

RƏYLƏR