İranın İsfahan şəhərində internetdə oynanılan "Mavi balina” oyunu orta məktəbdə təhsil alan 2 yeniyetmə qızın intiharına səbəb olub.
Olayla bağlı İsfahan əyalətinin polis rəisi Mehdi Məsum Bəygi jurnalistlərə açıqlama verib. O bildirib ki, məktəbli qızlar intihardan bir neçə dəqiqə əvvəl öz mobil telefonları ilə ailələrinə səsli mesaj göndəriblər:
"Səsli mesajda onlar ailələrindən vidalaşaraq "Mavi balina” oyununun təsiri altında özlərini öldürmək qərarına gəldiklərini bildiriblər. Həmin mesajı göndərəndən dərhal sonra qızlar birlikdə Çəmran körpüsünün üstündən özlərini atıblar. Hadisə nəticəsində qızlardan biri yerindəcə keçinib, digəri isə ağır bədən xəsarəti alıb. Yaralı qızın səhhəti çox ağırdır”.
Hadisənin detallarını və intihar edən qızların adlarını mediaya açıqlamayan polis rəisi olayın araşdırıldığını bildirib.
Xatırladaq ki, gizli və təhlükəli "Mavi balina” internet oyununu Rusiya vətəndaşı olan, 22 yaşlı Filip Budeykin adlı bir gənc bir neçə il əvvəl yaradıb. Həmin şəxs yaratdığı oyunda gəncləri intihara təşviq etdiyinə görə 2016-cı ildə tutularaq həbsə məhkum edilib.
İranın Kommunikasiya naziri Məhəmməd Cavad Azəri Cəhromi bir müddət əvvəl jurnalistlərə bildirmişdi ki, hökumət internetdə oynanılan təhlükəli "Mavi balina” oyununun qarşısını almaq qərarına gəlib./teleqraf.com
İcmal.Az

























